» » Azərbaycanda yetkinlik yaşına çatmayan 47 qız qaçırıldı


Azərbaycanda yetkinlik yaşına çatmayan 47 qız qaçırıldı

10-04-2016, 08:18
Oxunub: 538
Çap et
Azərbaycanda yetkinlik yaşına çatmayan 47 qız qaçırıldı

"2015-ci il ərzində yetkinlik yaşına çatmayanlara qarşı 618 cinayət faktı qeydə alınıb".

milliyyet.az bildirir ki, bu sözləri modern.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq problemləri şöbəsinin əməkdaşı Pərviz Əliyev deyib.

O qeyd edib ki, 2015-ci il ərzində zorakılıqla bağlı yetkinlik yaşına çatmayanlara qarşı 182 cinayət hadisəsi qeydə alınıb.
"2015-ci il ərzində erkən nikaha daxil olma, qızların evlənmək məqsədilə qaçırılması üzrə 47 fakt aşkar edilib. 2015-ci il ərzində insan alveri və məcburi əmək cinayət işləri üzrə insan alverinin qurbanı olmuş yetkinlik yaşına çatmayan 1 nəfər olub".

P.Əliyevin sözlərinə görə, respublika ərazisində baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində 2015-ci il ərzində 71 uşaq ( o cümlədən 7 yaşınadək 24 nəfər, 7-16 yaşlarında 46 nəfər) həlak olub.

"Ümumiyyətlə, məişət zorakılığı, erkən nikah hallarının statistikası reallığı tam əks etdirmir. Çünki bu halların hamısı zorakılıq qurbanları tərəfindən, eləcə də 3-cü şəxslər tərəfindən məlumat verilmədiyinə görə qeydə alınmır.

Bu məsələ ilə bağlı əhali arasında maarifləndirmə həyata keçirilir ki, bunun nəticəsi olaraq zorakılıq halları ilə bağlı dövlət orqanlarına müraciətlər əvvəlki dövrlərlə müqayisədə daha intensiv xarakter alıb".

Komitə əməkdaşı qeyd edib ki, zorakılıq hadisələrinin səbəblərini müəyyən etmək məqsədilə 2013-cü ildə respublikanın regionlarında sorğular keçirilib, bu halların baş verməsinin əsas səbələri kimi zorakılıq və onun qanunvericlik məsuliyyəti, nəticələri barəsində valideynlər arasında, eləcə də cəmiyyətdə məlumatsızlıq müəyyən edilib.

"Bu istiqamətdə Komitə tərəfindən dövlət uşaq müəssisələrində uşaqlara zorakılıqdan müdafiə sahəsində maarifləndirmə tədbirləri təşkil edilir, uşaqlarla işləyən mütəxəssislərə zorakılığın mahiyyəti və qarşısının alınması yolları mövzusunda təlimlər keçirilir, eləcə də uşaqların təlim-tərbiyə aldığı müəssisələrdə müvafiq monitorinqlər aparılır.

Məişət zorakılığı hallarının qarşısının dərhal alınması, bu faktlarla bağlı məlumatların əldə edilməsi və bu hallarla üzləşən qadın və uşaqların hüquqlarının müdafiəsi məqsədilə hər bir rayon və şəhərdə nəzarət-koordinasiya işləri həyata keçirilir".



Reytinq: