» » «Bu zülmün bir sonu olmalıdır axı…»


«Bu zülmün bir sonu olmalıdır axı…»

21-10-2015, 09:15
Oxunub: 818
Çap et
«Bu zülmün bir sonu olmalıdır axı…»
Ömürlük məhkum Vüqar Əliyev 10 gündür aclıq aksiyası keçirir Penitensiar Xidmətdən isə onun aksiya keçirmədiyini bildiriğblər
Kənd təsərrüfatı nazirinin keçmiş müavini, Şəmkirin sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanın qətlilə əlaqədar ömürlük azadlıqdan məhrum edilmiş Vüqar Əliyev oktyabrın 3-dən ölüm aclığına başlayıb.

Bu barədə “Bizim Yol”-a Vüqar Əliyevin həyat yoldaşı Əliyeva Aynurə Məhəmməd qızı məlumat verib. O bildirib ki, Vüqar Əliyev onun barəsində çıxarılan qərara etiraz edir və azadlığa çıxmasını tələb edir. Qeyd edək ki, Vüqar Əliyevlə Aynur Əliyeva 27 sentyabr 2011-ci il tarixdə evləniblər.
Aynur Əliyevanın sözlərinə görə, illərdir davam edən ədalətsizliyə etiraz olaraq, həyat yoldaşı bu addımı atmaq qərarına gəlib: “Vüqar deyir ki, ömrülük azadlıqdan məhrum edilmişəmsə, ya indi ölüm, ya da mənə qarşı çıxarılmış ədalətsiz hökm dəyişdirilsin. Onunla sonuncu dəfə avqust ayında görüşmüşəm, amma telefonla danışırıq. Vüqar dövlət təşkilatlarının rəhbərinə müraciət edərək, bütün səlahiyyətli adamlardan bu haqsızlığın aradan qaldırılması üçün kömək istəyir. Deyir ki, başqa çarəm yoxdur, dəfələrlə müxtəlif dövlət orqanlarına müraciət edib. Amma şikayətinə baxan yoxdur. Vüqar barəsində çıxarılan hökmlə razı deyil”.

Bu adam 12 il yarımdır ki, Aslan Aslanovun sifarişilə zülm altındadır. Bu zülmün bir sonu olmalıdır axı… Ona görə də Vüqar deyir ya bu ədalətsizliyə son qoyulsun, ya da ölüm qurtarım. Vüqar oktyabrın 3-dən aclığa başlayıb, ayın 4-də bu barədə həm həbsxananın rəisinə, həm də həkiminə yazılı şəkildə məlumat verib. Amma üstündən 10 gündən çox vaxt keçməsinə baxmayaraq, hələ də Vüqarı müayinə edən, onun səhhətilə maraqlanan yoxdur”.

Vüqar Əliyevin anası Məlahət İsmayılova da bildirir ki, aclıq aksiyasını keçirmək barəsində cəzaçəkmə müəssisəsinin rəhbərliyinə və tibb müəssisəsinə ərizə ilə müraciət edib: “Oktyabrın 15-də atası ilə mən onunla görüşdük. Bu gün isə (dünən-R.İ.) onunla telefonla danışmışam. Aclıq aksiyası keçirməsi barəsində hər hansı bir tədbir görülmür. Vüqar barəsində çıxarılan hökmü ədalətsiz hesab edərək Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədova, Baş prokuror Zakir Qaralova, parlamentin dövlət quruculuğu və hüquq siyasəti komissiyasının sədri Əli Hüseynliyə, Ombudsman Elmira Süleymanovaya müraciət edib. Amma müraciətinə cavab verilməyib. Odur ki, Uzun illərdir məruz qaldığım ədalətsizliyə etiraz olaraq, 3 oktyabr 2015-ci ildən dinc xarakterli, müddətsiz aclıq aksiyasına başlayıb”.

Məsələ ilə əlaqədar “Bizim Yol”-un sorğusuna Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi cavab verib. Cavabda bildirilir ki, Vüqar Əliyevin aclıq aksiyası keçirməsi barəsində deyilənlər həqiqətə uyğun deyil.



Reytinq: