» » Məhkəmədə qardaşların heyrətamiz dramı


Məhkəmədə qardaşların heyrətamiz dramı

6-10-2015, 12:16
Oxunub: 868
Çap et
"Narkobaron" qardaşına 174 min manat "atan" qardaşa 9 il cəza verildi
Məhkəmədə qardaşların heyrətamiz dramı

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə həbsdə olan qardaşına qarşı dələduzluqda təqsirləndirilən Fəxrəddin Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

İttiham aktına əsasən, Fəxrəddin Dadaşov həbsxanada cəza çəkən qardaşı Firudin Dadaşovun 174 min manat pulunu mənimsəyərək dələduzluq edib. Belə ki, ailə tanış olduqları Tural adlı şəxsə Firudin Dadaşovun həbsxanadan azad olunması üçün 174 min manat pul verib. Tural söz verdiyi əməli reallaşdıra bilməyib. Firudinin azadlığa buraxılmasına nail ola bilmədiyi üçün ailə onu məhkəməyə verib. Tural isə həmin məbləği natorial qaydada Fəxrəddin Dadaşova qaytardığını bildirib. Fəxrəddin Dadaşov isə həmin pulla qardaşını həbsxanadan çıxaracağı bildirsə də, pulu mənimsəyib. 7 ildən artıq bir müddətdə o puldan az miqdarda həbsxanadakı qardaşına verib. Pulun sahibi Firudin Dadaşov isə qardaşı tərəfindən aldadıldığını iddia edərək şikayət verib. Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Fəxrəddin Dadaşov saxlanılıb və dələduzluq maddəsi ilə ittiham irəli sürülüb. Qeyd edək ki, cinayət işi üzrə zərərçəkən şəxs qismində tanınan Firudin Dadaşov 2008-ci ildə MTN əməkdaşları tərəfindən 67 kq narkotik maddə ilə saxlanılıb və Ağır Cinayətlər məhkəməsinin hökmü ilə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Dünən keçirilən prosesdə çıxış edən təqsirləndirilən şəxs Fəxrəddin Dadaşov təqsirsiz olduğunu, dələduzluq etmədiyini bildirib: "Balamın canı, mən qardaşıma "atmaram". O vaxt birinci dəfə tutulanda onu qoymadım "sroka" getsin. Adamın kişiliyi olar, əgər elə bir şey etsəm, deyərəm ki eləmişəm. Hər həftə onun yanına gedib 2000 manat pul vermişəm ki, həbsxanada rahat otursun".
Onun çıxışı prosesdə qarışıqlığa səbəb olub. Zərərçəkən Firudin qardaşının yalan danışdığını bildirib: "İllərdir, mənim başımı aldadır, şikayətçiyəm, mənə hər həftə 2000 manat verib eləməyib. Nədi, mən həbsxanada neyləyəcəm o boyda pulu?"

Fəxrəddin Dadaşov qardaşının ünvanına ağır və təhqiramiz ifadələr işlədib. "Camaatın balasını zəhərləyən binamus".

Hakimlər prosesdə fasilə elan ediblər. Fasilədən sonra hakim məhkəmə istintaqının başa çatması ilə bağlı qərar qəbul edib.

Çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib. Firudin Dadaşov dövlət ittihamçısının istədiyi cəzanın qardaşı üçün az olduğunu bildirib. Təqsirləndirilən Fəxrəddin Dadaşovun vəkili çıxış edərək, müdafiə etdiyi şəxsin günahsız olduğunu bildirib. Müşavirədən sonra hakimlər kollegiyasının hökmünə əsasən, F.Dadaşov 9 il müddətinə azadlıqdan məhrum edilib.



Reytinq: