» » Bakıda həyat yoldaşını 5-ci mərtəbədən atan direktorun işi: “Sən çox murdar adamsan…”


Bakıda həyat yoldaşını 5-ci mərtəbədən atan direktorun işi: “Sən çox murdar adamsan…”

22-06-2019, 00:55
Oxunub: 46
Çap et
Bakıda həyat yoldaşını 5-ci mərtəbədən atan direktorun işi: “Sən çox murdar adamsan…”


Bakıda 31 yaşlı həyat yoldaşı Adelyanı yaşadığı binanın 5-ci mərtəbəsindən atıb öldürməkdə təqsirləndirilən Ramiz Taxveli Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılır.
O, məhkəməyə əlil arabasında aparılıb-gətirilir. O, həmçinin psixi problemləri olan biri kimi davranır. Bizimyol.info xəbər verir ki, ölən qadının anası Samirə Süleymanova məhkəmədə qızının tez-tez döyüldüyünü, gününün xoş keçmədiyini deyib. R.Taxvelinin vəkili isə məhkəməyə Ramizin ailəsi ilə birlikdə çəkdirdiyi fotoları təqdim edib. Deyib ki, bu fotolar Ramizin ailəsinə qarşı olan səmimi münasibətini əks etdirir.

Vəkil iddia edib ki, qızının döyülməsi barədə S.Süleymanovanın dedikləri doğru deyil. Zərərçəkmiş tərəfin vəkili isə bildirib ki, ailənin hansısa şad günündən çəkilmiş fotoları məhkəməyə təqdim edib, onların mehriban olduğunu demək əsassızdır. “Sən çox murdar adamsan. Burada olanların hamısı da tamaşadır”, – S.Süleymanova təqsirləndirilən R.Taxveliyə belə deyib.

Bu sözlərinə görə sonradan üzrxahlıq edən S.Süleymanova bildirib ki, qızı daim incidilib, döyülüb, bunları xatırladıqca əsəblərini cilovlaya bilmir: “Uşaqlara münasibəti yaxşı deyildi. Xəstələnəndə belə onlara dərman almağa getmirdi. Belə günlərdən birində qızım əsəbi şəkildə evdən çıxıb aptekə getmişdi. Yolu keçəndə onu maşın vurdu və xəsarət aldı”. Ramiz Taxveli isə belə bir hadisəni xatırlamadığını deyib. Məhkəmədə şahid qismində Sevda Rzayeva da dindirilib. O, həmin evdə uşaqların dayəsi olub.

“Adelya çox qanacaqlı, mədəni, kübar xanım idi. Hərəkətlərinin, danışığının yerini bilən biri idi. Mən onu çox istəyirdim. Mən əvvəl onların böyük övladlarına baxırdım. Sonra isə kiçik uşaqlarına baxdım. Adelya uşaqların hər problemi ilə maraqlanırdı”, – şahid belə deyib. Ərlə arvad arasındakı problemlərə gəlincə, Sevda Rzayeva da bunu təsdiqləyib.

Onun sözlərinə görə bu problem Ramiz Taxvelidən qaynaqlanıb: “Uşaqlarla əsasən Adelya maraqlanırdı. Ramizin öz rejimi var idi. Bir dəfə xatırlayıram ki, balaca uşaq qışqırıb ağlayırdı. Ramiz də yatmışdı. Yataq otağından gəlib uşağın qolundan tutub çölə çıxardı ki, səsi gəlməsin”. Ramizin narkotikdən istifadə edib-etməməsi barədə sualı cavablandıran Sevda Rzayeva onu da bildirib ki, bir dəfə evdə kibrit qutusunda marixuana tapıb. Ramiz Taxveli isə ona etiraz edib: “Sevda, sənə ayıb olsun”. İyunun 21-də məhkəmədə elan olunub ki, Ramiz Taxvelinin müdafiəsinə yeni vəkil qoşulub – Qanqa İbrahimov. Vəkil iş materialları ilə tanışlıq, müvəkkili ilə görüşüb məsləhətləşmək üçün məhkəmədən vaxt istəyib. Ona iyunun 28-nə qədər vaxt verilib. İttihamda yazılıb ki, Taxveli ilk qızının epilepsiya xəstəsi olaraq doğulmasında mərhum arvadı Adelyanı daim günahkar bilib. Bu səbəbdən də onlar arasında mütəmadi olaraq mübahisə olub.

Sonuncu dəfə- ötən il dekabrın 9-u axşam saat 22 radələrində marixuana qəbul edib. Adelyanı yuxudan oyadaraq döyüb, saçından tutub sürüyərək otaqları gəzdirib və uşaqları ilə vidalaşmağa məcbur edib. İttihamda o da göstərilir ki, həmin vaxt yataqda olan xəstə qızı Aliyanı götürərək yerə çırparaq yuxudan oyadıb. Səsə digər övladları da oyanıb. Uşaqlar atalarına yalvararaq analarını döyməməsini istəyib. Taxveli arvadını sürüyərək balkona çıxarıb və balkondan aşağı atıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) ittihamı irəli sürülüb. Xatırladaq ki, hadisə Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi ev 65, mənzil 51-də baş verib. Ramiz Taxveli “Buta Palace”ın Art direktoru olub.



Reytinq: