» » Bakı sakini 1500 manat irəli düşmək istədi, 118 min manatı əldən getdi


Bakı sakini 1500 manat irəli düşmək istədi, 118 min manatı əldən getdi

15-06-2018, 18:55
Oxunub: 757
Çap et
Bakı sakini 1500 manat irəli düşmək istədi, 118 min manatı əldən getdi


Anasının Gülhanədə ürək əməliyyatı olunması üçün 70 min dollar lazım olduğundan məzənnənin ən ucuz həddində dollar almaq istəyi Əhməd Orucova baha başa gəlib. Əvvəllər dəfələrlə borc pul verdiyi tanışı ona məzənnədən ucuz qiymətə dollar tapacağını vəd etsə də, nə sözünə əməl edib, nə də aldığı 118 min manatı ona geri qaytarıb. Əlacsız qalan Ə.Orucov isə hüquq-mühafizə orqanlarına müraciət edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham olunan 30 yaşlı Səidi Cəlal Rəhmət oğlunun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Milliyet.az-ın virtualaz.org-a istinadən xəbərinə görə, istintaqla müəyyən edilib ki, ötən ilin mart ayında Səidi Cəlal tanışı Əhməd Orucova məzənnədən ucuz qiymətə ABŞ dolları verəcəyini vəd edərək onun 118 min manat pulunu ələ keçirməklə dələduzluq edib.

Törətdiyi cinayət əməlinə görə S.Cəlala qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb, barəsində həbs-qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxs qismində dindirilən Səidi Cəlal ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, əvvəllər Dərnəgül qəsəbəsindəki hamam aksessuarlarının satışı ilə məşğul olan "Pelit MMC"də, sonralar isə Xırdalanda "Mətanət A" şirkətində satış meneceri işləyib. Bununla yanaşı, həm də 2016-cı ildən etibarən cay evini icarəyə götürüb işlədib. Pula ehtiyacı olduğunu deyən S.Cəlal orta məktəbdə bir yerdə oxuduğu sinif yoldaşı Babək Məmmədovdan hər ay 10 faiz ödəmək şərtilə 5 min manat borc pul alıb: "Ödəyəcəyim məbləğ aldığım əsas məbləğə aid deyildi. 2016-cı ilin martından Babəkə hər ay 500 manat verirdim. Babək pulu tanışı Əhməd Orucovdan alıb mənə vermişdi. Sonradan əlavə olaraq Babəkdən 4 min dollar da borc aldım. Hər ay ona 900 manat ödəyirdim".

S.Cəlal həmin ərəfədə tanışlarına, həmçinin keçmiş sinif yoldaşı Babəkə deyib ki, işlədiyi şirkətdən ucuz qiymətə dollar ala bilər. Əgər istəyən olarsa, yanına göndərsin, əvəzində ona da xeyir verəcək. Babək də bu haqda Ə.Orucova məlumat verib: "Əhməd üçün 1 manat 65 qəpikdən dollar təşkil edə biləcəyimi dedim. 2016-cı ilin iyul ayından ötən ilin martınadək əvvəllər Babəkin vasitəsilə, sonrasa özüm Əhməddən müxtəlif miqdarda manatla pullar almışam, əvəzində dollar qaytarmışam. Dərnəgül bazarının yaxınlığında real məzənnəyə uyğun pulu dəyişib Əhmədə verirdim. Hər dəfə ondan pul alıb dollara dəyişəndə ziyana getsəm də, daim cibimdə pul olsun deyə Əhmədlə dollar alverini davam etdirirdim. Mənim Əhmədə 118 min manat deyil, 48 min manat borcum var. Dollar alverini tək etmişəm, bu əməlimdən heç kimin xəbəri olmayıb".

Zərərçəkmiş Əhməd Orucov ifadəsində S.Cəlalı 2016-cı ildən Babəkin vasitəsilə tanıdığını, aralarında qərəzçilik və ədavət olmadığını göstərib: "Evimin təmiri üçün ondan müxtəlif inşaat materialları almışdım. Arabir görüşürdük, Babək də görüşlərdə iştirak edirdi. Anam ürək xəstəsi olduğundan bir dəfə Türkiyədə Gülhanədə əməliyyat olunmuşdu. Sonralar vaxtaşırı müayinə olunurdu. 2017-ci ilin martında yenidən həmin xəstəxanada anam növbəti dəfə əməliyyat olunmalıydı. Bunun üçün 70 min dollar lazım idi. Ona görə də, müəyyən olunmuş məzənnənin ən ucuz həddində dollar almaq istədim. Tanışlara da bu barədə bildirdim".

Çox keçməyib ki, Babək ona tanışları S.Cəlalın işlədiyi "Palitra" şirkətindən istənilən qədər ucuz qiymətə dollar çıxara biləcyini deyib. Bununla bağlı elə Cəlalın özü ilə danışmağı məsləhət görüb: "Dedi ki, işlədiyi şirkət əvvəl Türkiyədən aldığı malların yararsız olduğuna görə geri qaytarır. Bu mallar isə əvvəllər dolların qiyməti 0,78 manata olanda alınıb. Malların pulu qayıdarkən şirkət dolları indiki məzənnədəndaha ucuz qiymətə satır. Dedi ki, hazırda Milli Bank tərəfindən dollar 1,75-1,80 manata satılırsa da, dolları 1,65 manatdan alacaq, istədiyin qədər dollar çıxara bilərəm. Babəkdən soruşduqda dedi ki, Cəlalla 17 ildir ailəvi dostuq. Həmçinin onda "VTB Bank"da məsul vəzifədə işləməsi barədə vəsiqə də görmüşdüm. Cəlal həm şirkətdə, həm də "VTB Bank"da işlədiyini deyirdi. Bankın plastik kartını göstərib deyirdi ki, kartda külli miqdarda pul var, köçürmələri bununla həyata keçirirəm".

S.Cəlala inanan Ə.Orucov ötən il martın 8-də ona əvvəlcə 25 min manat pul verib: "Həmin pulun müqabilində mənə 15 min dollar verəcəkdi. Üç gün sonra 60 min manat verdim. Əlaqə saxlayanda dedi ki, şirkətə pul gəlib manatı ödəyib dollar götürməlidir. Belə danışdıq ki, ümumilikdə mənə lazım olan 70 min dolları versin. Martın 18-də Cəlal bir saatadək pulu şirkətdən götürüb verəcəyini dedi. Bundan sonra bir daha zənglərimə cavab vermədi. Onun dörd mobil nömrəsindən heç birinə zəng çatmadı. Martın 31-də məcbur olub Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət etdim".

Məhkəmənin hökmü ilə Səidi Cəlal 9 il müddətinə azadlıqdan məhrum edilib.

Virtualaz.org qeyd edir ki, 118 min manata dollar almaq istəyən zərərçəkmiş, həmin valyutanı 1,65 manat məzənnəsi ilə alacağı təqdirdə 1500 manat qazanc əldə edəcəkdi. Necə deyərlər, çox istəyən azdan da qalar...



Reytinq: