» » İrandan Gürcüstana narkotik daşıyanlara hökm oxundu


İrandan Gürcüstana narkotik daşıyanlara hökm oxundu

6-12-2014, 17:20
Oxunub: 917
Çap et
İrandan Gürcüstana narkotik daşıyanlara hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələri yaymaqda təqsirli bilinən Esmira Qocayeva, Tahir Qocayev və Vaqif Ağayevin məhkəməsi başa çatıb.

Milliyət.az bildirir ki, Trend-in məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Esmira Qocayeva 6 il, Tahir Qocayev 10 il, Vaqif Ağayev 6 il müddətinə azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham ediliblər.

Təqsirləndirilən şəxslər Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə regional əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində həbs ediliblər.

Müəyyən edilib ki, Esmira Qocayeva İrandan gətirilən narkotik vasitəni Bakı şəhərində saxlayıb və daha sonra Gəncə şəhərinə aparıb. Qadın narkotik vasitəni Gəncədən Gürcüstana göndərmək istəyərkən həbs olunub.

Qeyd edək ki, Esmira Qocayevanın ailə üzvləri də narkotik vasitə alqı-satqısı ilə məşğul olub. Narkotik vasitələrin qanunsuz alqı-satqısına görə onun həyat yoldaşı 12 il, oğlu isə 6 il həbs cəzası alıb.



Reytinq: