» » Bakıda özünü yandıran kişinin arvadı danışdı - TƏFƏRRÜAT


Bakıda özünü yandıran kişinin arvadı danışdı - TƏFƏRRÜAT

23-11-2015, 17:59
Oxunub: 398
Çap et
Bakıda özünü yandıran kişinin arvadı danışdı - TƏFƏRRÜATBu gün saat 13:00 radələrində “Bank of Baku”nun Binəqədi rayon filialının qarşısında özünü yandıran Malik Hüseynovun intihara cəhd etməsinin təfərrüatı məlum olub.

Publika.az-ın əməkdaşı Malik Hüseynovun müalicə olunduğu xəstəxananda olub. Malik Hüseynovun həyat yoldaşı Aytəkin Hüseynova bildirib ki, şənbə günü onun həyat yoldaşı yol hərəkəti qaydalarını pozduğuna görə yol polisi tərəfindən cərimə olunub və avtomobili cərimə meydançasına aparılıb. Məlum olub ki, o artıq 2 aydır ki, “Bank of Baku”ya olan borcunu ödəyə bilmirmiş və bu səbəbdən maşını müsadirə olunub. M.Hüseynov çıxış yolunu özünü yandırmaqda görüb:

“Şıxı adlı bank əməkdaşı bizə vəd verib ki, birinci gün gəlsə, avtomobili sənədlərlə birlikdə Malik Hüseynova təhvil verəcək. O, bu gün banka getsə də, avtomobilin sənədlərini və etibarnaməni ona verməkdən imtina ediblər. O, banka olan kreditini ödəyə bilmədiyi üçün bank işçisi ilə aralarında mübahisə yaranıb. Bundan sonra o, üzərinə benzin tökərək yandırıb. Həmin vaxt bank işçilərindən heç kim həyat yoldaşıma kömək etməyib. Yalnız küçədən keçən insanların köməyi sayəsində yanğını söndürmək mümkün olub”.

M. Hüseynovun qardaşı Rəhim Hüseynov isə bildirib ki, qardaşı bankdan 12 min 800 manat kredit götürərək dəfn mərasimi üçün istifadə olunan avtomobil alıb. Lakin kreditin 8 min manatını ödəyib, qalan hissəsini ödəyə bilməyib. Buna səbəb avtomobilin mühərrikində yaranan problem olub. Həmin problemi həll etmək üçün xərcə düşüb və banka borcu yaranıb.

Hazırda Malik Hüseynovun vəziyyəti ağırdır və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) yanıq şöbəsində reanimasiyaya yerləşdirilib.

Xəstəxanın həkimi şahin Quliyev Publika.az-a bildirib ki, xəstə ikinci dərəcəli yanıq xəsarəti alıb:

“Xəstənin tənəffüs yolları ciddi zədələnib. Azı iki gün reanimasiyada qalmalıdır. Biz onun səhhətinin normallaşması üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, M. Hüseynovun 3 uşağı - iki oğlu və bir qızı var. Keçmiş Kirov qəsəbəsində kirayədə qalır və Göy məsciddə işləyir.



Reytinq: