» » "Prezidentin bu fərmanı bolluq və ucuzluq yaradacaq"


"Prezidentin bu fərmanı bolluq və ucuzluq yaradacaq"

23-10-2015, 15:58
Oxunub: 673
Çap et
“Gömrük haqda fərmanın imzalanması Azərbaycanda müəyyən qədər bolluq yaradacaq, qiymətin aşağı düşməsinə səbəb olacaq”.
"Prezidentin bu fərmanı bolluq və ucuzluq yaradacaq"

Bunu aznews.az-a parlamentin İqtisadi Siyasət Komitəsinin üzvü, deputat Vahid Əhmədov prezident İlham Əliyevin gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında imzaladığı fərmana münasibət bildirərkən deyib. Onun sözlərinə görə, fərman kiçik və orta sahibkarlığın inkişafı üçün böyük əhəmiyyət kəsb edir: “Son günlər prezident İlham Əliyevin atdığı addımlar əsasən Azərbaycanda sahibkarlığın inkişafına yönəldilib. Son fərmana əsasən, 10 000 manata qədər olan mal keçirilən zaman rüsumun ödənilməməsi çox mühüm məsələdir. Çünki gömrüklə əlaqədar problemlərin həlli sahibkarlığın inkişafına ciddi təsir edəcək. Deputatı olduğum Quba Rusiya ilə sərhəd bölgədir. Belə bir fərmanın verilməsi daha çox bu bölgə üçün böyük əhəmiyyət kəsb edir.

Ümumiyyətlə, prezident İlham Əliyev son vaxtlar çox ciddi addımlar atıb. Hətta mən bunu inqilabi addımlar adlandırardım. Çünki Azərbaycan iqtisadiyyatının və sahibkarlığın inkişafı üçün bu, mühüm bir fərmandır. Belə ki, bu fərman Azərbaycanın kiçik və orta sahibkarlığının inkişafına təsir edəcək, xaricdən ölkəmizə gətirilən malların rüsumların alımaması Azərbaycanda müəyyən qədər bolluq yaradacaq, qiymətin aşağı düşməsinə səbəb olacaq. Gələcəkdə ola bilər ki, gömrüklə əlaqədar olaraq digər məsələlər də öz həllini tapsın”.

Qeyd edək ki, sərəncama əsasən gömrük şərtləri xeyli sadələşdirilib. Belə ki, fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 2000 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar (aksizli mallar, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olmaqla) gömrük ödənişi ödənilmədən gömrük sərhədindən keçirə bilərlər.



Reytinq: