» » Azərbaycan Sarkisyanın cavabını verdi


Azərbaycan Sarkisyanın cavabını verdi

1-10-2015, 15:15
Oxunub: 755
Çap et
Azərbaycan Sarkisyanın cavabını verdi
"Ermənistan beynəlxalq ictimaiyyətin mövqeyinə tam hörmətsizlik edərək və beynəlxalq hüququn ümumi qəbul olunmuş norma və prinsiplərini kobud şəkildə pozaraq özünün qeyri-real işğalçılıq iddialarında təkid etməkdə, işğal edilmiş ərazilərin fiziki, demoqrafik və mədəni adlarını dəyişdirərək və yüz minlərlə məcburi şəkildə köçürülmüş azərbaycanlının öz doğma yurdlarına qayıtmasını və bu ərazilərdəki öz əmlakına sahib olmaq hüququnu rədd edərək hazırkı status-kvonun möhkəmlənməsinə yönəlmiş səylər göstərməyə davam edir."

Bu sözləri Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 70-ci sessiyasının ümumi müzakirələrində çıxış zamanı qeyd edib.

Elmar Məmmədyarov vurğulayıb ki, Ermənistan prezidenti ümumi müzakirələr zamanı saxtakarlıq, təhrif və yalan yığımından ibarət çıxışında reallıqda öz hökuməti tərəfindən məhəl qoyulmayan və əksinə gedilən prinsip və dəyərlər barəsində mühazirə oxumağa cəhd edib: “Beynəlxalq ictimaiyyət uşaq, qadın və ahıllar da daxil olmaqla, azərbaycanlı mülki şəxslərin Ermənistanın işğalçı qoşunları tərəfindən amansız qırğınını, Ermənistanda ölkənin bütün siyasi elitasını qətlə yetirməklə hərbi diktaturanın yaradılmasını və saxta prezident seçkilərinə etiraz edən dinc nümayişçilərin öldürülməsinin hələ də xatırlayır.

Ermənistanın müharibəyə başlaması və Azərbaycana qarşı güc tətbiq etməsi, onun ərazisinin beşdə birini, o cümlədən Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonu işğal etməsi, bir milyona yaxın azərbaycanlını öz evlərindən zorla qovaraq zəbt edilmiş ərazilərdə etnik təmizləmə həyata keçirməsi və münaqişə ərzində digər ağır cinayətlər törətməsi hamıya yaxşı məlumdur. Beynəlxalq ictimaiyyət Azərbaycana qarşı gücün tətbiqini və nəticə etibarilə, onun ərazilərinin işğal edilməsini davamlı olaraq kəskin şəkildə pisləyib.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 1993-cü ildə Azərbaycanın ərazilərinin işğal edilməsini qınayan və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü və Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edən 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələr qəbul edib.

Təhlükəsizlik Şurası bu qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını təsdiqləyib və işğalçı qüvvələrin bütün işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Digər beynəlxalq təşkilatlar da oxşar mövqe nümayiş etdirib. Ermənistan isə bu qətnaməyə məhəl belə qoymayır.

Avropa İnsan Hüquqları Məhkəməsi Çıraqov və digərləri Ermənistana qarşı işi üzrə çıxardığı qərarda Azərbaycan ərazilərinin işğalı və azərbaycanlı məcburi köçkünlərin hüquqlarının pozulmasına görə Ermənistanın məsuliyyət daşıdığını təsbit edib. Bu qərara və beynəlxalq hüququn norma və prinsiplərinə tam şəkildə hörmətsizlik edərək, Ermənistan işğal olunmuş ərazilərin fiziki, demoqrafik və mədəni xarakterini dəyişməklə mövcud status kvonu daha da möhkəmləndirmək istiqamətində səylərini davam etdirir və öz evlərindən zorla qovulmuş yüz minlərlə azərbaycanlının evlərinə qayıtması və mülkiyyətlərini əldə etməsi hüququnun ifadə olunmasına imkan vermir.

26 sentyabr 2015-ci il tarixində Ermənistan prezidenti Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionuna Ermənistanın bir hissəsi kimi istinad edilən bəyanat verib. Biz qəti şəkildə bu yalan və təcavüzkar bəyanatı rədd edirik. Bu bəyanat Ermənistanın BMT Nizamnaməsi və beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə məhəl qoymadığını bir daha sübut edir və Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüzün törədilməsinin ən yüksək səviyyədə daha bir etirafıdır. Bu Ermənistan rəhbərliyinin sülhə konstruktiv yollarla nail olunması prosesindən nə dərəcədə uzaq olmasının göstəricisidir. Bu bəyanatda Ermənistan prezidenti hətta ölkəsinin dünyanın ən hərbiləşdirilmiş regionu olmasından fəxr etdiyini bildirir.

Bunların fonunda Ermənistanın etimad quruculuğu tədbirləri barəsində möhtəkirliyi yalandan başqa bir şey deyil. Ermənistanın tarixi təhriflər əsasında qonşu dövlətlərə qarşı açıq-aşkar ərazi iddiaları, Azərbaycana qarşı təcavüzü, onun ərazilərini işğal etməsi və etnik təmizləmə aparması, münaqişənin gedişində törədilmiş cinayətlərə görə məsuliyyəti təkidlə inkarı, Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icması arasında birbaşa təmaslara qarşı çıxması və itkin düşmüş şəxslər məsələsi üzrə ciddi əməkdaşlıqdan yayınması etimadın olmamasının əsl səbəbləridir.

Effektiv etimad quruculuğu tədbirləri üçün ən vacibi və ilk növbədə təxirə salınmadan Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasına dair plan həyata keçirilməlidir. Qoşunların təmas xətti boyunca insidentlərin araşdırılması mexanizminin yaradılması barəsində ideyalara gəlincə, qeyd etməliyik ki, bu insidentlərin baş verməsinin əsas səbəbi Ermənistanın silahlı qüvvələrinin qeyri-qanuni şəkildə işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğudur. Əks təqdirdə, bu ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin prezidentlərinin də dəfələrlə qəbuledilməz və qeyri-davamlı olduğunu bəyan etdikləri status kvonun saxlanmasına xidmət edəcək.



Dağlıq Qarabağ regionu hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi olub və olmaqda da davam edəcək. Biz heç bir zaman öz ərazilərimizin işğalı ilə barışmayacağıq. Münaqişə yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində onun suverenliyi və ərazi bütövlüyü əsasında həll edilə bilər. Azərbaycan ərazilərinin hərbi yolla işğalı həll yolu deyil və heç vaxt Ermənistan tərəfindən arzu olunan siyasi nəticə verməyəcək. Ermənistan bu reallığı nə qədər tez dərk etsə, münaqişə o qədər tez həll edilər və regiondakı ölkələr və xalqlar əməkdaşlıq və iqtisadi inkişaf perspektivlərindən faydalanar.



Reytinq: