» » Azərbaycanlı müəllim qızının Türkiyədə 16 illik qurban həyatı


Azərbaycanlı müəllim qızının Türkiyədə 16 illik qurban həyatı

7-09-2015, 22:42
Oxunub: 729
Çap et
Azərbaycanlı müəllim qızının Türkiyədə 16 illik qurban həyatı
Türkiyə mediasında Onur Tuncayın müəllifliyi ilə “İdxal gəlin” başlığı altında yazı dərc edilib. Həmin yazıda insan alverinin qurbanı olmuş azərbaycanlı qadının başına gətirilən oyunlar və yaşadığı çətinliklər yer alır.

Müəllif qeyd edir ki, ağzındakı dişlərinin hamısı qızıl olan azərbaycanlı qadınla Edremitin kiçik bir kəndində tanış olub. Yazının müəllifi qadınla söhbətləşmək və onun həyat hekayəsini qələmə almaq istəyib, amma əvvəlcə qadın danışmağa razı olmayıb: “Azərbaycanlıyam, bilmirsənmi”,-deyən qadın adının çəkilməyəcəyinə inanandan sonra danışmağa başlayıb.

Beləliklə, O. Tuncay qadına adının çəkilməyəcəyinə söz verəndən sonra həyatını söyləməyə başlayıb. “Hekayəsini soruşanda gözləri yüngülcə doldu”yazan müəllif qadını dinləməyə başlayıb və onun dediklərini olduğu kimi qələ alıb:

İşləmək istəyirdi, amma “tor”a düşdü

1974-cü ildə Bakı ətrafında kiçik bir qəsəbədə anadan olmuşam. Anam evdar xanım, atam isə müəllim idi. İki bacım, bir qardaşım var. Mən orta məktəbi bitirdim, amma işləmirdim. İyirmi iki yaşına çatmışdım, artıq böyümüşdüm və pul qazanmaq istəyirdim. İşləmək istədim, lakin yaşadığımız yer kiçik olduğundan mənə uyğun bir iş tapılmadı.

Anamın bir xalası qızı var idi, dərdimi ona danışmışdım. Bir gün xalam iş axtardığımı eşidib bizim evə gəldi. Çox yaxşı, qazanclı bir iş tapdığını və mənə çox uyğun olduğunu söylədi. Türkiyəyə gedəcəyimizdən bəhs edirdi. Amma düşünürdüm ki, onun dediyi iş mənə uyğun deyil, çünki ailəmdən heç ayrılmamışdım, həm də başqa bir ölkəyə təkbaşıma getmək qorxuducu gəlirdi mənə.

Xalam ailəmə izah etdi bu işi. İndi miqdarını xatırlamıram, amma sözdə çox pul qazanacaqdım. Dediyindən belə məlum olurdu ki, mənim Türkiyədə bir ayda qazanacağım pul, atamın üç aylıq müəllim maaşına bərabər olacaqdı. Düşündüm ki, altı ay çalışsam ailəmin borclarını ödəyə bilərəm. Anam qızına güvəndi, atam da razı oldu. Anam iki gün ərzində Quran oxudu, başıma bir iş gəlməsin deyə dualar etdi.

Artıq vaxt yetişmişdi…

Sənədlərim hazırlandı, getmək günü gəlib çatdı. Ailəmlə vidalaşıb avtobusa mindim. Avtobusda 15 nəfərə yaxın qadın var idi. Xalam da bizimləydi. Qəsəbədən ayrılıb avtobusla Bakıya getdik. Bakıda xalam bizimlə vidalaşdı və bizi Ayşe adlı bir qadına tapşırdı. Xalamın vəzifəsi aeroporta qədərmiş. Bizi Türkiyəyə xalam deyil, Ayşe adlı o qadın gətirəcəkmiş.

“Dilənçi kimi hiss etdim özümü o an”

Təyyarə ilə Bakıdan İstanbula, oradan da avtobusla Balıkəsirə gəldik. Balıkəsirdə kiçik bir kəndə apardılar bizi. Bizi uçuq-sökük bir evə yerləşdirdilər. Qarşımıza az bir yemək, bir neçə parça çörək gətirdilər. Dilənçi kimi hiss etdim özümü o an. İçim burxuldu, amma çox aç idim və yedim o heç tanımadığım yeməkləri. Ertəsi gün bizim paltarımızı aldılar və əvəzində güllü şalvarlar verdilər. Bölgənin insanlarına bənzətdilər bizi. O gün işlərin tərs getdiyini anladım, amma çox gec idi. Bizi yan-yana düzdülər. Sonra çəkməyə başladılar. Biz sadəcə otururduq, arada bir-iki adam gəlib qapıdan bizi süzür və içimizdən birini işarə ilə çıxarırdılar.

Bir milyard yarım lirəyə satıldı…

Mal kimi, heyvan kimi satıldım. Gələcəkdə ərimiz olacaq namizədlər içimizdən birini bəyənib Ayşe adlı o qadınla hesablaşırdılar. Əgər qiymətdə anlaşa bilirdilərsə birimizi özlərinə yoldaş etmək üçün aparırdılar. 1996-ci ilin yaz ayları idi, iyirmi iki yaşındaydım, gənciydim. O günün pulu ilə bir milyard yarım lirəyə bir kişiyə arvad olaraq satıldım. Qadın pulu aldı və pasportumu ərimə verdi. Evlənməyi heç istəmirdim, amma çarəsiz idim. Yol bilmirdim, dil bilmirdim, pulum yox idi. Əgər Bakıda anlasaydım, geri qayıda bilərdim, amma buradan qayıtmağım qeyri-mümkün idi. Heç tanımadığım torpaqlarda, görmədiyim insanların arasındaydım artıq.

“İyirmi il ərzində qadın alverindən milyonlar qazanıldı”

Çoxları insan alveri ilə məşğul olur. Xüsusilə dul qadınları satırlar. Türkiyənin harasına getsəniz, orda azərbaycanlı qadın var. Zamanında bir kanal tapan bu işə girirdi. Artıq bir az azalıb, amma bəlkə iyirmi il ərzində qadın alverindən milyonlar qazanıldı. Konkret olaraq qohumum, anamın əmisi oğlu satdı məni. İnsaf etmədilər kimsəyə. Bir insanı ailəsindən, məmləkətindən qoparmağa çəkinmədilər. Bizi başqa bir ölkədə diri-diri basdırdılar desəm yeridir. Bizlər də buralarda kimsəsiz olduğumuz üçün bir şey deyə bilmədik. Polisə də pul verirlərmiş onlar.

“Anamın yasına getmək istədim, dedilər pul yoxdur”

On doqquz ildir burdayam və məmləkətimə heç gedə bilmədim. Anamın yasına getmək istədim, dedilər pul yoxdur. Artıq mən də işləyirəm, pul qazanıram. Ayda beş yüz lirə qarşılığında yaşlı bir qadına baxıram. Əvvəllər isə tarlalarda işləmişəm. On beş yaşında bir qızım var. Qızımı məmləkətimə aparacağam. Bir dəfə də olsun məmləkətimi görməsini istəyirəm. 41 yaşına girdim, inşallah bu xəyalımı gerçəkleşdirəcəm.

“Heç sevmədiyim bu torpaqlarda yalnız öləcəyəm”

Hər gün satıldığımın, aldandığımın, qürbətdə yaşamağımın ağrısını çəkirəm. Mənim həyatım da belə oldu. Heç sevmədiyim bu torpaqlarda yalnız öləcəyəm. Bu dediklərim sənə nağıl kimi gəlir bəlkə, amma bunların hamısı yaşandı. Bütün bunları mən yaşadım, amma sən çəkdiyim ağrını bilə bilməzsən. Bu iztirabı yaşamayan mənim dərdimi haradan biləcək?



Reytinq: