» » Bu bankir də həbs edildi?


Bu bankir də həbs edildi?

22-05-2015, 16:42
Oxunub: 1118
Çap et
Müşahidə Şurasının sədri Eldar İsmayılov: Bu gün 2 milyon manat verdim..
Bu bankir də həbs edildi?
“Digər banklar kimi bizim bank da Beynəlxalq Bankdan kredit götürüb. Bu kreditin ödənilməsi müddəti 2017-ci ildə başa çatır”.

milliyyet.az ANS PRESS-ə xəbər verir ki, bunu virtualaz.org saytına açıqlamasında Qafqaz İnkişaf Bankı Müşahidə Şurasının sədri Eldar İsmayılov deyib.

Bankir həbs olunması barədəki xəbəri şərh edərkən bildirib ki, Beynəlxalq Bank yaranmış iqtisadi vəziyyətlə bağlı verdiyi kreditlərin vaxtından əvvəl ödənməsini xahiş edib: “Məni bununla əlaqədar DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə dəvət etdilər. Orada əsasən onunla maraqlandılar ki, bizim bank götürdüyü krediti necə qaytarmağa hazırlaşır. Mən də orada izahat verdim. Biz razılaşdıq ki, Beynəlxalq Bankdan götürdüyüm krediti vaxtından əvvəl ödəyək”.

E.İsmayılov həbs olunması barədə yayılan məlumatları, habelə Qafqaz İnkişaf Bankı ilə Beynəlxalq Bank arasında hər hansı problemin olması barədəki informasiyaları təkzib etdi: “Bizim Beynəlxalq Bankdan götürdüyümüz kreditin məbləği o qədər də böyük deyil. Faizləri nəzərə almasaq, üst-üstə 9 milyon manat kredit borcumuz var. O pulu da bir neçə dəfəyə götürmüşük. Bu gün o borcdan 2 milyon manatı ödədik. Beynəlxalq Bankdan götürdüyümüz pulları artıq kredit şəklində sahibkarlara vermişik. Onlardan həmin pulları geri qaytarmalarını tələb etmək problem yaradar. Ona görə də alternativ mənbələr axtarırıq ki, Beynəlxalq Bankın xahişinə əməl edə bilək”.

E.İsmayılovun sözlərinə görə, o, Beynəlxalq Bankın kredit borclarını vaxtından əvvəl bağlamaq istəyinə anlayışla yanaşır: “Əgər bank rəhbərliyi öz borcunu tələb edirsə, bütün borcluların bunu başa düşməsi lazımdır. İndi ağır iqtisadi vəziyyət yaranıb. Bu vəziyyətdə içində olduğumuz gəmini yırğalamaq olmaz. Bizim bank o qədər də böyük deyil. Kredit borclarımızı bağlamağa hər cür imkanımız var. Bizim bank bu vəziyyətdən alnıaçıq çıxacaq və digər banklara nümunə olacaq”.

Bununla belə bankir etiraf etdi ki, Beynəlxalq Bankın bu tələbi Qafqaz İnkişaf Bankının işinə təsirsiz ötüşməyəcək: “Təbii ki, bunun bizim işimizə təsiri olacaq. Bu məbləğ bizdən ötrü böyük məbləğdir. Bu da bizim gələcək planlarımıza öz təsirini göstərəcək”.

Qeyd edək ki, Qafqaz İnkişaf Bankı Müşahidə Şurasının sədri Eldar İsmayılovun DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin apardığı birgə istintaqın nəticəsində həbs olunması barədə xəbər yayılmışdı.

Bildirilirdi ki, İsmayılov 24 milyon manat vəsaiti taladığına görə saxlanılıb.



Reytinq: