Nəqliyyat sistemində rəsmi özbaşınalıq » Milliyet.Az

Nəqliyyat sistemində rəsmi özbaşınalıq

Nəqliyyat sistemində rəsmi özbaşınalıq



milliyyet.az Dia.az-a istinadən xəbər verir ki, ötən gün Qaraçuxur qəsəbəsində 105 və 40 saylı avtobusların Bakı şəhər Nəqliyyat Departamentinin əməkdaşları tərəfindən saxlanıldığı haqqında məlumat verilmişdi. Sərnişinlər avtobuslardan zorla düşürüləndən sonra isə bu vasitələri naməlum istiqamətə aparılıb. Qeyd edək ki, sərnişinlərin yolda avtobuslardan düşürdülməsi nə birinci, nə də sonuncu hal deyil. Yəni bu kimi hallar artıq ictimai nəqliyyat sisteminin əsas qolu olan avtobuslar üçün adi hala çevrilib. Əslində nəqliyyat sistemində nə baş verir? Sərnişinləri küçənin ortasında avtobusdan düşürən bir sistemin idarəetməsindəki problemlərdən bu məsələlər qaynaqlanır, yoxsa özbaşınalığından?

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyir ki, Nəqliyyat Nazirliyinə aid hər hansı bir qurumun nəqliyyat vasitəsini saxlayıb sərnişini düşürmək və avtobusu aparmaq kimi bir səlahiyyəti qanunda nəzərdə tutumayıb: “Onların avtobusların hərəkətinə nəzarət səlahiyyətləri var. Lisenziyanı, sürücünün marşruta riayət etməsini yoxlaya bilərlər. Qüsura görə ümumiyyətlə, marşrutu xətdən kənarlaşdırmaq kimi məsələlər qanunvericilikdə yoxdur. Sərnişindaşıma qaydalarında göstərilir ki, sürücü marşrut şərtlərini pozarsa, marşrutdan kənarlaşdırıla bilər. Bu o deməkdir ki, həmin sürücü ümumiyyətlə həmin marşrutdan işdən uzaqlaşdırılır. Avtobusu və ya digər nəqliyyat vasitəsini harasa aparmaq səlahiyyəti isə yoxdur.”

Ekspert, nəqliyyat sahəsində özbaşınalığın hökm sürdüyünü vurğuladı: “Özbaşınalıq belə ifadə olunur. Nəqliyyat nazirliyinin əməkdaşları ümumiyyətlə, hansı səlahiyyətlərin onlara aid edilmədiyini bilmirlər. Hüquq çərçivəsində addımlar atılmalı olduğu halda, belə özbaşınalıqlarla məşğul olurlar. Onların ümumiyyətlə, qanunlardan xəbəri belə yoxdur. Bu sahədə özbaşınalıq, intizamsızlıq var. Buna qarşı mütləq ölçü götürülməlidir.”

Belə olan təqdirdə bəs hüquqları pozulan sərnişin nə etməlidir? Ə. Hüseynovun sözlərinə görə sərnişin istehlakçı kimi hüquqlarının pozulması ilə bağlı şikayət edə bilər. Amma bu, Azərbaycan cəmiyyəti üçün xarakterik deyil: “Təsəvvür edin ki, məhkəmədə iddia irəli sürmüsən ki, məni yolda avtobusdan düşürüblər. Ən azından hakim də adama güləcək ki, ayrı avtobusa minib gedərdin. Bizdə ictimai hüquq düşüncəsi də bərbad vəziyyətdədir. Ona görə də belə məsələlərin üstündən sükutla keçirik. “İstehlakçıların hüquqlarının qorunması haqqında” Qanunla vurulmuş zərərə görə həm maddi, həm də mənəvi zərərə görə kompensasiya tələb edilə bilər. Nəqliyyat nazirliyinə qarşı yolda qaldım, küçənin ortasında avtobusdan düşürülməklə təhqir olundum, mənə hörmətsizlik edildi və sairə iddialar qaldırıla bilər. Bəlkə o zaman belə hallar aradan qalxar, avtobuslardan sərnişinlərin düşürülməsi kimi özbaşınalıq hallarına son qoyular.”
  • Sosial şəbəkədə paylaş