Qazaxda bir kəndə ayrılan milyonlar və eşşəklə su daşıyan sakinlər... » Milliyet.Az

Qazaxda bir kəndə ayrılan milyonlar və eşşəklə su daşıyan sakinlər...

Qazaxda bir kəndə ayrılan milyonlar və eşşəklə su daşıyan sakinlər...



Prezident İlham Əliyev bir neçə gün bundan öncə Prezidentin Ehtiyat Fondundan Qazax-Quşçu Ayrım yolunun təmiri üçün 1,7 milyon manat pul ayırıb. Yada salaq ki, ötən il dövlət başçısı həmin yolun tikintisi üçün əvvəlcə 6,9 milyon, sonra isə 2 milyon manat vəsait ayırmışdı. milliyyet.az Cumhuriyyet.az-a istinadən xəbər verir ki,
"Azadlıq” radiosunun müxbiri də yolunu Quşçu Ayrımdan salıb həm vətəndaşların buna münasibətini öyrənmək, həm də bu yolla bir daha tanış olmaq istəyib. Onun reportajını təqdim edirik:
* * *
Əslində Qazaxın sərhəd kəndlərində insanlar xüsusilə bu iki amilin üzərində dururlar: təhlükəsiz yaşamaq və sosial qayğıların həlli.
Quşçu Ayrımda söhbət etdiyimiz sakinlər hələ də əsas problemlərinin su və yol olduqlarını deyirlər. Bu problemlər də onların təhlükəsizlikləri ilə birbaşa bağlıdır. Sakinlər əsas magistral yolun Ermənistan ordusunun postlarının qarşısından keçdiyini və atışma olduqda oradan keçə bilmədiklərini deyirlər.
Kənd sakinlər bildirirlər ki, atışma olduqda məcbur olub dağ yolu ilə hərəkət edirlər. O yola da maşınları tab gətirmir. Dəfələrlə aidiyyəti orqanlara bu problemi desələr də heç bir nəticəsi olmur.
Quşçu Ayrım kənd sakini Çingiz Hacıyevin dediklərindən: "Həqiqəti desək, axır vaxtlar bizim ölkədə inkişaf göz qabağındadır. Məsələ burasındadır ki, görülən işlərin nəticəsi yaxşı deyil. Misal üçün, sağ olsun dövlətimiz, gözəl məktəb tikdirib. Əhalinin müəyyən qədər hissəsi işlədi, heç olmasa müəyyən qədər tələbatını, borcunu, xərcini qarşıladı.
İndi prezidentimiz tərəfindən yola pul buraxılıb. Amma görürsən, yolda nöqsanlar var. Bir belə pulun qabağında gərək bu yol belə olmayaydı. Su ötürücüsü, müəyyən xətlər çəkilmədi. Yolun aşağı hissəsi də ki, uçub gedir. Buna bir az nəzarət eləmək lazımdır. Pul ayrıldığı məqsədə tam istifadə olunmur. İndi bizim yol aşağıdan bəri gəlir, asfalt ermənilərin nəzarət etdiyi torpağından keçir. Biz istəyərdik ki, bizim yol öz torpağımızla, Fərəhli-Quşçu Ayrım yolu ilə - Odun dağından aşsın. Qarşı tərəfindən atəş olanda gediş-gəlişimiz xeyli çətinləşir”.
Ayrım kəndi
Çingiz Hacıyev deyir ki, əsas problemlərindən biri də su qıtlığıdır: "Vaxtında bizə burada artezian qazdılar, heç bir nəticəsi olmadı. Texniki suvarma üçün xətt çəkmək istəyirdilər, o da heç bir nəticə vermədi. Özgə də örüş sahəmiz yox, mal saxlamağa da heç imkanımız yox. Presin biri 4 manatdır. Bizə dövlət tərəfindən verilən çörəkpulu da kəsilib. Heç bir iş yeri yoxdur. Adamların hamısı evsiz-eşiksizdir... Adam var ki, 40 yaşı var, evlənməyə imkanı yoxdur. Ailə saxlamağa imkanı yoxdur. Heç bir torpaq sahəsi verilməyib. 5-10 hektar əkin yeri var, onu da bəzi "qüvvəli” adamlar əkirlər. Biz də kirimişcə qıraqda qalmışıq. Rayon mərkəzindən yolumuz uzaqdır, gedib-gələ, nəsə bir işlə məşğul ola bilmirik”.
Kənd sakinlərindən Ədalət Cəfərov deyir ki, isə kilometrlərlə gedib eşşəklə su daşıyırlar: "Bunu buradakı camaatın hamısı bilir. Köməklik edirlər, buna kömək etsinlər. Yolumuzun vəziyyəti isə bərbaddır. Təzə çəkilməsinə baxmayaraq artıq yolun çox hissəsi dağılıb. Çəkiblər, heç bir il yoxdur sıradan çıxıb”.
Kənd sakinlərinin bütün bu şikayətlərinə münasibət öyrənmək üçün Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Tahir Musayevlə görüşdük. O, deyilənlərdən xəbərsiz olduğunu, şikayətlərin araşdırılacağını bildirdi.
  • Sosial şəbəkədə paylaş