» » 20 Yanvar faciəsindən 29 il ötür


20 Yanvar faciəsindən 29 il ötür

20-01-2019, 18:59
Oxunub: 28
Çap et
20 Yanvar faciəsindən 29 il ötür

Bu gün Azərbaycan tarixinə qanlı hərflərlə yazılan 20 Yanvar faciəsinin 29-cu ildönümüdür.
Qara Yanvar, Qanlı Yanvar və ya sadəcə 20 Yanvar — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələrinin fövqəladə vəziyyət elan edilmədən yeridilməsi və dinc əhaliyə divan tutulması nəticəsində yüzlərlə insanın qətlə yetirildiyi, yaralandığı və itkin düşdüyü qırğın. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.

Sovet qoşunlarının yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər həbs olunmuşdur; silahlı toqquşmalar nəticəsində 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv olmuşdur. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər olmuşdur.

Milli Məclis 1994-cü il martın 29-da 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında qərar qəbul edib. Bununla da Prezident Heydər Əliyevin təşəbbüsü və təkidi nəticəsində 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilib, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edilib.

1990-cı ilin yanvarında baş verən bu ağır faciə bütün dəhşətlərinə baxmayaraq, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini zəiflədə və qıra bilmədi, əksinə, xalq daha da prinsipal mübarizəyə qoşuldu və bu mübarizədən qalib çıxdı.

Hər il 20 Yanvar Azərbaycanda Ümumxalq Hüzn Günü olaraq qeyd edilir.



Reytinq: