» » Səfir Milliyyetdə yazdı: Müstəqilliyimizi ilk tanıyan dövlət Türkiyə oldu


Səfir Milliyyetdə yazdı: Müstəqilliyimizi ilk tanıyan dövlət Türkiyə oldu

4-06-2018, 23:49
Oxunub: 194
Çap et
Səfir Milliyyetdə yazdı: Müstəqilliyimizi ilk tanıyan dövlət Türkiyə oldu


Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimin “Milliyet” qəzeti üçün yazdığı “Azərbaycan Xalq Cümhuriyyətinin elanı və Türkiyə - Azərbaycan münasibətləri” adlı məqaləsini təqdim edir:

1917-ci ildə Çar Rusiyasının çevrilməsindən sonra baş verən hadisələr azərbaycanlıların milliləşmə prosesini gücləndirmiş və milli dövlətin yaradılmasını sürətləndirib. Bu müddətdə Cənubi Qafqazda baş verən istər daxili, istərsə də xarici hadisələr bölgədə üç dövlətin yaradılmasına səbəb olub.

Zaqafqaziya Federasiyası dağıldıqdan sonra işlərini itirən Seymdəki müsəlman təmsilçilər 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasını qurdular və yeni dövlətin yarandığını elan etdilər. Beləcə müsəlman Şərqində ilk demokratik respublika quruldu.

İstiqlal Bəyannaməsinin qəbulundan sonra qurulan birinci kabinetin ilk işi Azərbaycanın müstəqillik xəbərini və yeni dövlətin qurulduğunu bütün dünya ölkələrinə bildirmək olub. Azərbaycan Respublikasının hələ xarici siyasəti yox idi: xarici ölkələr və konsulluqlar hələ açılmamışdı.

Azərbaycanın beynəlxalq toplumda yer tutması və səsini dünyaya çatdırması üçün Osmanlı dövlətinin Xariciyə təşkilatından istifadə edildi. Osmanlı Xariciyə təşkilatı və müxtəlif ölkələrdəki türk elçilikləri yeni qurulmuş Azərbaycana yardımçı oldular.

Bundan başqa, Azərbaycan müstəqilliyini qazanan zaman bəzi əngəllərlə qarşılaşdı. Zəngin neft yataqları olan Bakını itirməmək üçün Bolşevikləri bölgədə xalqa təzyiq göstərir və bu məsələdə ermənilərdən dəstək alırdı.

Bu vəziyyətə son qoymaq məqsədilə Azərbaycan hökuməti Osmanlı dövlətindən hərbi yardım tələb etdi. Osmanlı dövləti də bu tələbi qəbul edərək, Nuru Paşanın komandanlığı ilə Azərbaycana ordu göndərdi. Nuri Paşa hələ Osmanlı-Azərbaycan razılaşması imzalanmadan hərbi hərəkata başlama əmrini almışdı.

İlk anlaşma

Burada bir məqamı qeyd etmək lazımdır: bundan əvvəl də müstəqilliyi əlindən alınmış Azərbaycan Osmanlı dövləti ilə hər şeyə rəğmən, ticarət, iqtisadi və mədəni əlaqələrini aşağı səviyyədə də olsa davam etdirib.

Azərbaycan Xalq Cümhuriyyətini quranlar Azərbaycan adını, Azərbaycanın varlığını, Azərbaycanın müstəqilliyini və Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq aləmdə qəbul etdirməyə, bu kontekstdə həm də ümumi təhlükəsizliyi təmin etməyə çalışıb.

1918-ci il iyunun 4-də Osmanlı dövləti ilə Azərbaycan arasında yuxarıda adı çəkilən sahələr üzrə “Barış və dostluq anlaşmaları” imzalanıb. Bu saziş Azərbaycan dövlətinin xarici ölkələrlə imzaladığı ilk anlaşma idi.

Azərbaycan üçün vacib olan bu sazişin dördüncü maddəsinə görə, məmləkətin əmin-amanlıq, sabitlik və təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Respublikasının Türkiyədən hərbi yardım istəmək haqqı vardı.

Osmanlı dövləti ilə imzalanan saziş Azərbaycan hökumətinin beynəlxalq nüfuzuna müsbət təsir etməklə yanaşı, Azərbaycan türk millətinin varlığını qorumaq üçün vacib addım idi. Razılaşmaya hərbi məsələ ilə bağlı maddənin daxil edilməsi Azərbaycanın tam təhlükəsizliyə qovuşacağı demək idi.

23 ay davam etdi

Yeni dövrün şəraiti ilə Azərbaycanın tarixi dövlətçilik ənənələri əsasında qurulan müstəqil respublikanın mövcudluğu, çox təəssüf ki, 23 ay davam etdi. Cümhuriyyət vaxtı 5 dəfə hökumət kabineti quruldu. Hökumət kabinetləri tez-tez dəyişsə də, idarəetmə anlayışında miras prinsipi davamlı olub.

Dünya ictimaiyyəti tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci il aprelində bolşeviklər tərəfindən işğal olunduqdan sonra Azərbaycanın bir dövlət kimi dünya siyasi xəritəsindən silinməsini əngəlləmişdi.

Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq hərəkatı tarixində dərin izlər buraxıb, 23 ay yaşamasına baxmayaraq, Azərbaycan xalqı azadlıq idealarını və müstəqil dövlət ənənələrini qoruyaraq, mühafizə edib.

Azərbaycan xalqı 1991-ci ildə yenidən müstəqillik qazandıqdan sonra Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarını davam etdirərək, yeni müstəqil Azərbaycan dövləti qurub.

İlk rəsmi səfər

Azərbaycan müstəqillik elan etdikdən sonra Bakıya gedən ilk rəsmi heyət türk heyəti və Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət də Türkiyə olub. 1991-ci il noyabrın 10-da Türkiyə Cümhuriyyəti xarici işlər naziri Safa Giray Anıtkabirdə keçirilən Atatürkün anım mərasimindən sonra Xarici İşlər Nazirliyində mətbuat konfransı təşkil edərək, jurnalistlərə bu açıqlamanı oxuyub:

“(...) Müstəqilliyini daha əvvəl də elan etmiş Azərbaycan Cümhuriyyəti bu dəfə parlamentinin 1991-ci il 29 oktyabr tarixli iclasında verdiyi qərarla beynəlxalq birliyin bərabərhüquqlu üzvü olmaq istiqamətində addımlar atıb və tanınmaq üçün bütün dünya dövlətlərinə çağırış edib.

Azərbaycan parlamentinin xüsusi nümayəndəsi ilə Türkiyə Böyük Millət Məclisində səsləndirilən tanınma tələbi Azərbaycan Xarici İşlər Nazirliyinin Bakıdakı Baş konsulluğumuzda keçirilən tədbirdə təsdiq edilib. Hökumətimiz bu qərarın türk millətinin birgə iradəsini əks etdirdiyinə əmindir”.



Reytinq: