» » Daşkəsəndə qar uçqunu altında qalanlar xilas edilib


Daşkəsəndə qar uçqunu altında qalanlar xilas edilib

23-04-2018, 13:40
Oxunub: 34
Çap et
Daşkəsəndə qar uçqunu altında qalanlar xilas edilib


Daşkəsəndə qar uçqunu altında qalan beş nəfər xilas edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, aprelin 21-də, saat 17:00 radələrində “102 Zəng Mərkəzi” xidmətinə müraciət edən Daşkəsən rayon sakini Asif Bayramov “UAZ” markalı avtomobildə sərnişinləri ilə birlikdə Göygöl rayonunun Tülallar kəndi ərazisində qar uçqunu altında qaldıqlarını bildirib.

Məlumatla əlaqədar Göygöl Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mirnemət Mirbabayev dərhal müraciət edən şəxslə telefonla əlaqə saxlayaraq onların koordinatlarını dəqiqləşdirib və bu barədə təcili rayonun və müvafiq qurumların rəhbərliyinə məlumat verib.

Rayon İcra Hakimiyyətinin, RPŞ-nin rəhbərliyi və şəxsi heyəti təcili tibbi yardım briqadası ilə birgə vaxt itirmədən həmin istiqamətə yollanıb. Hava şaxtalı və çovğun olduğundan ucqar dağ kəndinə gedən sıldırım qayaların əhatəsindəki yolda “Niva” və digər yolsuzluq avtomobillərinin də hərəkətində çətinlik yaranıb.

Texnika üçün yaxınlıqdakı hərbi hissəyə müraciət olunub. Tezliklə hərbi nəqliyyat vasitəsinin köməyi ilə onlar Bənd adlanan əraziyə çatıblar.

Polis əməkdaşları qar uçqununun altında qalan, zərbə nəticəsində şüşələri sınmış halda olan həmin avtomobildə köməksiz vəziyyətdə qalmış Daşkəsən rayon sakini Asif Bayramovu, sərnişinləri - Tülallar kənd sakini Fuad Məmmədovu, Daşkəsən rayon sakini Xaliq İsmayılovu, Gəncə şəhər sakini Xəqani Quliyevi və Goranboy rayon sakini Mikayıl Abdullayevi xilas edib, onlara ilkin tibbi yardım göstərilib.

Təbii fəlakət nəticəsində xəsarət alan olmayıb.



Reytinq: