» » Polis rəisi Mehman Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verdi


Polis rəisi Mehman Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verdi

9-02-2017, 16:31
Oxunub: 424
Çap et
Polis rəisi Mehman Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verdi

Xüsusi ittiham qaydasında şikayət şəxsin cinayət məsuliyyətini nəzərdə tutur və azadlıqdan məhrumetmə cəzası ilə nəticələnməsi mümkündür
Nəsimi rayon polis idarəsinin rəisi Musayev Musa Oktay oğlu blogger Mehman Hüseynov barəsində xüsusi ittiham qaydasında iddia qaldırıb. Vəkil Elçin Sadıqov bildirib ki, şikayət Suraxanı Rayon Məhkəməsinə verilib və hakim Ceyhun Qədimovun icraatındadır. Məhkəmə hazırlıq iclası sabah saat 10.00-a təyin olunub.Vəkil əlavə edir ki, xüsusi ittiham qaydasında şikayət ərizəsi onlara verilmədiyi üçün məhkəmə iclasını təxirə saldıracaq. “Polis idarəsinin rəisi Mehman Hüseynovun CM-nin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunub, cəzalandırılmasını xahiş edir” – vəkil bildirir.

Məhkəmə şikayəti təmin edəcəyi təqdirdə Mehman Hüseynovu iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası gözləyir.

Mehman Hüseynov Bizimyol.info saytına açıqlamasında deyib ki, məhkəmə olacağı barədə ona və vəkilinə bildiriş daxil olsa da, onlara iddia ərizəsi verilməyib. Buna görə də hansı maddələr üzrə şikayət verildiyi barədə dəqiq onformasiya yoxdur. Bu səbəbdən də vəkillə birlikdə çalışırıq ki, sabahkı məhkəməni təxirə saldıraq”.

Mehman Hüseynov əlavə edir ki, bütün hallarda ittihamın peşə fəaliyyəti ilə bağlı olduğunu hesab edir.

Qeyd edək ki, Mehman Hüseynov yanvarın 9-u axşam saatlarında saxlanıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə təqsirli 200 manat cərimə olunub və sərbəst buraxılıb. M.Hüseynov məhkəmədənazad edildikdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, o peşə fəaliyyətinə görə təzyiqə məruz qalır və polislər ona işgəncə veriblər.

Onun bu açıqlamasından sonra Daxili İşlər Nazirliyi Baş Prokurorluq qarşısında vəsatət qaldıraraq bildirib ki, Mehman Hüseynov mətbuat nümayəndələrinə verdiyi açıqlamalarda polis əməkdaşları tərəfindən oğurlanması, azadlığının qanunsuz məhdudlaşdırılması, işgəncələrə məruz qalması, o cümlədən ona fiziki ağrı və psixi iztirab verilməsi barədə ictimaiyyəti çaşdırmaq və polisin işgüzar nüfuzuna xələl gətirmək məqsədi daşıyan əsassız iddialar səsləndirib. “Mehman Hüseynovun polisi ağır cinayətdə ittiham etməklə böhtan atması əməlinə hüquqi qiymət verilməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən respublika Baş Prokurorluğu qarşısında vəsatət qaldırılıb. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək” – deyə nazirliyin yaydığı məlumatda bildirilirdi.
Mehman Hüseynov bildirir ki, polis tərəfindən saxlanılan zaman təzyiqə məruz qalması və xəsarətlər alması ilə bağlı ekspertizadan keçib.

“Mənə qarşı işgəncələrlə bağlı Bakı Şəhər Prokurorluğuna şikayət versək də, prokurorluqdan bildirilib ki, bununla bağlı cinayət işinin başlanması rədd edilir”



Reytinq: