» » Şəkidə şok: “Baldızım və arvadım qızlarımla Suriyaya qaçıb”


Şəkidə şok: “Baldızım və arvadım qızlarımla Suriyaya qaçıb”

13-01-2015, 01:19
Oxunub: 882
Çap et
Şəkidə şok: “Baldızım və arvadım qızlarımla Suriyaya qaçıb”

Şəkidə daha bir ailə Suriyaya gedib.

milliyyet.az Axar.az-a istinadən xəbər verir ki, bu dəfə hadisənin şok effekti doğuran məqamları qadının üç övladını götürərək Azərbaycanı tərk etməsidir.

Rayonun Daşüz kənd sakini İbrahim Məmmədov “Üç nöqtə” qəzetinə açıqlamasında deyib ki, həyat yoldaşı İŞİD-ə qoşulub:

“Qayınanam, bacanağım, baldızım və həyat yoldaşım üç uşağımı da götürüb Suriyaya qaçıblar. Həyat yoldaşımın qardaşı Suriyada döyüşür, onlar da onun yanına gediblər. Bilmirəm, uşaqlarımı necə yoldan çıxarıblar. Onları aldadıblarmı, qorxuzublarmı, bu barədə məlumatlı deyiləm. Amma bildiyim odur ki, onlar dekabrın 23-də Balakən rayonu ərazisindən ölkə sərhəddini keçərək Gürcüstana, oradan isə Türkiyə vasitəsi ilə Suriyaya keçiblər”.

“Qayınlarım neçə ildir orada döyüşür”

İ.Məmmədovun sözlərinə görə, onun qayınları artıq bir neçə ildir Suriyada döyüşlərdə iştirak edir: “Qayınanam Şahbanova Qərinə Sədi qızı, bacanağım Alxasov Daşqın Abid oğlu və baldızım Alxasova Bahar Beydullah qızı mənim övladlarımı da özləri ilə aparıblar.

Amma onlar bunu necə edib, hələ də bilmirəm. Çünki mən 18 aprel 2013-cü ildə Rusiyaya işləməyə getmişəm. Orada işləyərək ailəmin dolanması üçün pul göndərirdim.

Ölkəmizə isə bu il dekabrın 27-də qayıtmışam. Anam mənə məlumat verdi ki, həyat yoldaşım Məmmədova Elnurə Beydullah qızı anasının və bacısının təkidi ilə uşaqlarımı da götürüb onlarla Suriyaya gedib. Böyük qızım - Məmmədova Günay İbrahim qızının 15, kiçik qızım – Məmmədova Ülkər İbrahim qızının 12, oğlum – Məmmədov Rüstəm İbrahim oğlunun isə 13 yaşı var”.

“Yoldaşıma tapşırmışdım ki...”

Şəki sakini bildirib ki, əvvəlcədən böyük qaynı Sahib Şabanovun Suriyada döyüşlərdə iştirak etdiyini eşidib:

“Sonradan isə o, qardaşları Tahir Şabanovla Rövşən Şabanovu da özü ilə apardı. Bu barədə biləndən sonra dəfələrlə yoldaşıma tapşırmışdım ki, birdən, onu da məcbur edərlər, heç yerə getməsin. O isə məni arxayın etmişdi ki, heç yerə getməyəcək.

Həm də mən arxayın idim ki, atanın icazəsi olmadan heç kəs yetkinlik yaşına çatmayan uşaqları ölkədən çıxara bilməz. Mən isə həyat yoldaşıma uşaqları ölkə ərazisindən çıxarmaqla bağlı heç bir etibarnamə verməmişəm. Mən Rusiyaya gedərkən heç onların pasportu da olmayıb. Bu hadisəni eşidib Azərbaycana gələndən sonra öyrəndim ki, onlar Bakı şəhəri ərazisində notarius Hüseynov Səadət Eldar oğlunun əli ilə sənədləri hazırlayıblar”.

“Kəndimizdən 20 nəfərdən çox Suriyaya gedib”

İ.Məmmədovun sözlərinə görə, Şəki şəhərinin Daşüz kəndində 20 nəfərdən artıq adam Suriyada döyüşür:

“Mənim qayınlarım Türkiyə vətəndaşlarının vasitəsi ilə ora gedib. Baldızım - Həsənova Esmira Beydullah qızı Türkiyə vətəndaşı ilə evli idi. Onlar Adanada yaşayırdılar.

Bir neçə il öncə Türkiyə vətəndaşları qayınım Sahib Şabanova da maddi köməklik göstərirdilər. O, əvvəlcə bir qədər mal-qara aldı. Sonra onları satıb bir ferma düzəltdi. Sonra fermanı da satıb Suriyaya getdi. Düşünürəm ki, qayınanamgil də Türkiyədə yaşayan baldızımın vasitəsi ilə Suriyaya gediblər.

Dekabrın 28-dən etibarən isə bu məsələ ilə bağlı ölkənin bütün güc strukturlarına, ölkəmizin Türkiyədəki səfirliyinə məlumat vermişəm. Amma hələ ki, heç bir reaksiya verən yoxdur”.
- See more at: http://axar.az/news/40333#sthash.cGxSAmIQ.dpuf



Reytinq: