» » Füzuli rayonunun 22 yaşayış məntəqəsinin işğaldan azad edilməsindən 21 il ötür


Füzuli rayonunun 22 yaşayış məntəqəsinin işğaldan azad edilməsindən 21 il ötür

5-01-2015, 16:20
Oxunub: 704
Çap et
Füzuli rayonunun 22 yaşayış məntəqəsinin işğaldan azad edilməsindən 21 il ötür

Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə Füzuli rayonunun 21 kəndi və Horadiz qəsəbəsi işğaldan azad olunub.

milliyyet.az AzərTAc-a istinadən xəbər verir ki, bu münasibətlə Horadiz şəhərindəki Bayraq Meydanında rayon ictimaiyyətinin iştirakı ilə mərasim keçirilib.

Mərasimdə çıxış edənlər müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizin üzləşdiyi problemlərdən, Ermənistanın respublikamıza qarşı apardığı qəsbkarlıq müharibəsindən, Qarabağın dağlıq hissəsinin və ətraf ərazilərin, o cümlədən Füzuli rayonunun işğal edilməsindən danışıblar.

Bildirilib ki, 1994-cü il yanvarın əvvəllərində həyata keçirilən Horadiz əməliyyatı nəticəsində erməni silahlı birləşmələrinin Beyləqan istiqamətində hücumunun qarşısı alınıb və Azərbaycan ordusu əks-hücuma keçərək qısa müddətdə Füzuli rayonunun 20 Arazboyu kəndini, Horadiz qəsəbəsini və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini işğaldan azad edib. Azərbaycan ordusu bu uğura ulu öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti, döyüş bölgəsinə gedərək hərbiçilərdə güclü ruh yüksəkliyi yaratması nəticəsində nail olub.

Qeyd edilib ki, 1996-cı ildən etibarən rayonun işğaldan azad olunmuş ərazilərində infrastrukturun bərpasına başlanılıb. Ötən müddətdə məcburi köçkünlər üçün 16 qəsəbə salınıb, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, yollar, körpülər, elektrik və suvarma sistemləri tikilib və bərpa olunub. Horadiz qəsəbəsinə şəhər statusu verilib, işğal nəticəsində dağıdılmış minlərlə ev bərpa edilib. Füzuli rayonuna göstərilən dövlət qayğısının, aparılan uğurlu sosial və iqtisadi siyasətin nəticəsidir ki, 70 minə yaxın əhali rayon ərazisinə qayıdıb.

Təkcə son 12 ildə Prezident İlham Əliyev Füzuliyə 5 dəfə səfər edib, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair 6 Sərəncam imzalayıb. Bu dövrdə geniş tikinti-quruculuq və bərpa işləri aparılan Horadiz ölkənin ən gözəl, abad və müasir şəhərlərindən birinə çevrilib.

Mərasimdə Qarabağ müharibəsi tarixində Horadiz əməliyyatının xüsusi yeri olduğu vurğulanıb. Əminliklə bildirilib ki, işğal altında olan bütün torpaqlarımız, o cümlədən Füzuli rayonunun digər əraziləri də Prezident İlham Əliyevin qətiyyəti sayəsində düşmən tapdağından azad ediləcəkdir.



Reytinq: