» » “Rayonda büdcə vəsaiti dağıdılır”


“Rayonda büdcə vəsaiti dağıdılır”

15-02-2018, 01:11
Oxunub: 12
Çap et
“Rayonda büdcə vəsaiti dağıdılır”


Zərdabdan olan şikayətçi Mərkəzi və yerli maliyyə məmurlarına qarşı iddialar irəli sürdü
Maliyyə Nazirliyi: “Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda müvafiq yoxlamalar aparılır”
“Zərdab rayon Maliyyə İdarəsinin müdiri Sakit İfrat oğlu Məmmədovun saxta diplomla uzun illər yüksək vəzifəni icra etməsi bütün zərdablıları çox təcübləndirib.Çox qəribədir ki, hansısa müəmmalı səbəblərə görə Maliyyə Nazirliyi buna göz yumub”.

Bunu Bizim Yol-a şikayət məktubunda Zərdab rayon sakini Rövşən Mirzəyev yazır. Onun sözlərində görə, Zərdab rayon Maliyyə İdarəsinin müdiri Sakit Məmmədov heç bir ali təhsil almayıb, rayonda “toylarda qarmon çalıb”.
Şikayətçi yazır: “Sakit Məmmədovu “birdən -birə Zərdab rayon Maliyyə İdarəsinə müdir müavini vəzifəsinə təyin etdilər. Bundan az sonra müdiri işdən çıxardılar deyə Sakit Məmmədov Zərdab rayon Maliyyə İdarəsinin müdiri vəzifəsini artıq 6 ildir ki, icra edir”.

Rövşən Mirzəyev iddia edir ki, Sakit Məmmədovun “ali təhsil almamasını və diplomunun saxta olmasını Tələbə Qəbulu üzrə Dövlət Komissiyası rəsmən təsdiq edib”.

“Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Zərdab rayon prokurorluğuna göndərdiyi 14.03.2015-ci il tarixli 139-d-15 saylı məktubunda göstərilib ki, “Zərdab şəhər sakini Məmmədov Sakit İltimas oğlu Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 1992-2014-cü il tarixlərdə ali və orta ixtisas təhsili müəssisələrinə keçiriliən qəbul imtahanlarında iştirak etmək üçün sənəd vermiş abutureyintlərin siyahısında aşkar edilməmişdir. Bu konkret və mötəbər subut əsas verir ki. Sakit Məmmədov nəinki Maliyyə İdarəsinin müdiri vəzifəsini icra etməməlidir”, -deyə Rövşən Mirzəyev yazır.

Mirzəyev iddia edir ki, .Prezident İlham Əliyevin Zərdaba səfərindən sonra rayonun abadlıq, quruculuq işləri üçün dövlət büdcəsindən ayırdığı vəsaitin bir hissəsi mənimsənilib. Şikayətçi yazır: “Sakit Məmmədov həmin dönəmdə özünə Zərdab şəhərində Qumluq qəsəbəsində böyük və möhtəşəm villa inşa etdirib. Bakı şəhərində bir neçə mənzilə, sahibkarlıq obyektlərinə və bahalı avtomobillərə sahiblənə bilib.Əvvəllər toylarda qarmon çalan Sakit Məmmədov ali təhsil diplomunu fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevdən alıb”…

Rövşən Mirzəyev daha sonra yazır: “Zərdab rayonunda tikinti-təmir tenderlərini Sakit Məmmədovun qardaşı Qalib Məmmədovun MMC-si “udub”. İki qardaşın çoxlu MMC-si var və layihələri onlar qazanır”. Mirzəyevin iddiasına görə, nazir Samir Şərifov “bu faktlarla bağlı tədbir görmək istəmir”.

Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Mais Piriyev Bizim Yol-un sorğusuna cavab olaraq Rövşən Mirzəyevin iddialarını əsassız sayaraq təkzib edib: “Zərdab Rayonu üzrə Maliyyə İdarəsinin rəisi vəzifəsini icra edən rəis müavini Sakit İfrat oğlu Məmmədovun ali təhsil haqqında diplomu ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən hələ 2011-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə rəsmi qaydada sorğu verilmiş və Təhsil Nazirliyi Azərbaycan Beynəlxalq Universiteti tərəfindən Sakit İfrat oğlu Məmmədova 2002-ci ildə verilmiş A №113458 nömrəli ali təhsil haqqında diplomun həqiqiliyini təsdiq etmişdir”.

Şikayət məktubundakı başqa “qeyri-qanuni iddialara”, o cümlədən, nazir Samir Şərifovun adının hallandırılmasına münasibət bildirən sektor müdiri deyib: “Maliyyə Nazirliyi tərəfindən təsdiq olunmuş plana uyğun olaraq Zərdab rayonunda yerləşən və dövlət büdcəsindən maliyyələşən təşkilatlarda müvafiq yoxlamalar və təftişlər aparılır”. (Bizim Yol)



Reytinq: