» » Masallıda körpə cinayəti – Həkim özbaşınalığı


Masallıda körpə cinayəti – Həkim özbaşınalığı

24-04-2017, 14:59
Oxunub: 546
Çap et
Masallıda körpə cinayəti – Həkim özbaşınalığı

Rayon Mərkəzi Xəstəxanasında uşaq öldü, ananın durumu isə ağırdır


Dünən Masallı rayonundan Realliq.info-ya tükürpədici hadisə ilə bağlı məlumat daxil olub. Məlumatda bildirilir ki, aprel ayının 20-si gecə hamilə qadın tam doğum müddətinin başa çatması ilə bağlı Masallı Rayon Mərkəzi Xəstəxanasına müraciət edib və xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səhlənkarlığı nəticəsində hamilə qadın uşağını itirmiş, öz vəziyyəti isə ağırlaşmışdır. Bundan sonra qadının vəziyyətinin ağır olaraq qalması nəticəsində valideynləri onu paytaxtın Bakı xəstəxanalarının birinə köçürmüşlər.
Realliq.info məsələ ilə bağlı körpəsini itirən xanım Gözəlova Fatimə Cəmil qızının həyat yoldaşı Məmmədov Mığbil Əlküşad oğlu ilə əlaqə saxlayıb. Körpəsini itirən ata Realliq.info-ya bildirib ki, aprel ayının 20-si gecə radələrində həyat yoldaşı Gözəlova Fatimə Cəmil qızının hamiləlik dövrünün son günləri olduğu üçün ağrıları başlamış və onlar Masallı Rayon Mərkəzi Xəstəxanasına gəlmişlər: “Maddi imkanımız zəif olduğundan Masallı Rayon Mərkəzi Xəstəxanasının həkimləri bizi bir neçə saat gözlətdilər. Həyat yoldaşımın vəziyyəti tam ağırlaşandan sonra onu xəstəxananın reanimasiya şöbəsinə yerləşdirdilər. Bir neçə saat sonra bizə bildirdilər ki, körpəmiz tələf olub və xanımımın həyatı təhlükədədir. Məcburiyyət qarşısında qalıb həyat yoldaşımı xüsusi maşınla Bakıya xəstəxanaya gətirmişəm. Hazırda həyat yoldaşımın vəziyyəti ağır olaraq qalmaqdadır.”

Körpəsini itirən Məmmədov Mığbilin atası Məmmədov Əlküşad bildirdi ki, həkimlər gəlinini xəstəxanaya qəbul etmək üçün onlardan rüşvət tələb ediblər. Lakin onların maddi vəziyyəti buna imkan vermədiyindən onlar Cahan və Sürə adlı həkimlərin qanunsuz tələblərini yerinə-yetirə bilməyiblər: "Masallı Rayon Mərkəzi Xəstəxanasında mənim nəvəmi qətlə yetiriblər. Xəstəxanada bir neçə saat hamilə qadını gözlətdiriblər. Şəxsi tələblərini yerinə yetirə bilmədiyimiz üçün həkimlər gəlinimə yaxın gəlmirdilər. Gəlinim Gözəlova Fatimə Cəmil qızı huşunu itirəndən sonra onu şöbəyə qəbul etdilər. Lakin, bu zaman körpə tələf olmuşdu və fakt odur ki, indi bir insan da öz həyatını itirmək üzrədir. Biz haqsızlıqla üzləşmişik, burada insan cinayəti baş verib. Masallı Rayon Mərkəzi Xəstəxanasında həkimlər tərəfindən qətlə yetirilən nəvəmə görə günahkarlar cəzalandırılmalıdır. Mən ölkə başçısı-İlham Əliyev cənablarından, birinci vitse-prezident Mehriban xanım Əliyevadan Masallı Rayon Mərkəzi Xəstəxanasında insan qətliamının qarşısının alınmasını xahiş edirəm. Həkimlər gəlinimi xəstəxanaya qəbul etmək üçün bildirirdilər ki, xəstəxananın başhəkimi Cəlil Nəzərovun göstərişi var-Doğuş zamanı pulunuzu bəri başdan alın. Əks təqdirdə mənə çatan haqqı özünüz ödəyəcəksiniz. Bu dərəbəylikdir, özbaşınalıqdır, cinayətdir. Masallı xəstəxanasının cəlladları tərəfindən qətlə yetirilən məsum körpənin hesabını kimdən soruşmalıyıq?”

Hazırda Bakıda Respublika Mərkəzi Klinikasına yerləşdirilən Gözəlova Fatimə Cəmil qızının durumu ağır olaraq qiymətləndirilir. Xəstəxana həkimlərinin bildirdiyinə görə, qadın çox ağır vəziyyətdə gətirilib və ona həkim nəzarəti davam edir.
Xatırladım ki, Realliq.info Masallı Rayon Mərkəzi Xəstəxanasında tüğyan edən rüşvətxorluq, özbaşınalıq barədə dəfələrlə yazılar dərc edib. Lakin Səhiyyə Nazirliyi xəstəxananın baş həkimi Cəlil Nəzərovun özbaşınalığına biganə qalaraq cəzasızlıq mühiti yaratmış və nəticədə bu cür hadisələrin baş verməsinə şərait formalaşdırmışdır. Masallıda baş həkimin yarıtmaz fəaliyyəti nəticəsində səhiyyə ocaqlarının iflic vəziyyətinə düşməsi görünür ki, nazirliyi narahat etmirmiş.
Masallıda körpə cinayəti – Həkim özbaşınalığı
Masallıda körpə cinayəti – Həkim özbaşınalığı
Biz Realliq.info olaraq Masallı Rayon Mərkəzi Xəstəxanasında Cəlil Nəzərovun özbaşınalığı nəticəsində baş verən və uşaq qətli ilə nəticələnən cinayətlərin araşdırılmasını, baş həkimin cəzalandırılmasını xahiş və tələb edirik.
Masallıda körpə cinayəti – Həkim özbaşınalığı
Mövzuya qayıdacağıq.
İkram Rəhimov
Realliq.info



Reytinq: