» » Gəncənin Nizami polisinin rəisindən nazirə şikayət: Həyat yoldaşımın gözü önündə məni döydülər


Gəncənin Nizami polisinin rəisindən nazirə şikayət: Həyat yoldaşımın gözü önündə məni döydülər

14-04-2017, 23:17
Oxunub: 1017
Çap et
Gəncənin Nizami polisinin rəisindən nazirə şikayət: Həyat yoldaşımın gözü önündə məni döydülər


Gəncə şəhər sakini Rzayev Ceyhun Akif oğlu daxili işlər naziri Ramil Usubova müraciət edib.

C.Rzayev müraciətində Nizami rayon Polis İdarəsinin rəisi Ədalət Sadıqov tərəfindən təqib olunduğunu bildirir: "Hörmətli cənab nazir! Bir müddətdir ki, Gəncə şəhəri Nizami rayon Polis İdarəsinin rəisi Ədalət Sadıqov məni təqib edir. İndi isə yalançı şahidlər, muzdlu böhtançılar hazırlayır, saxta ekspert rəyi alır, böhtan ataraq mənə xuliqan damğası vurmaq istəyir. Təqib olunmağımın birbaşa səbəbi Gəncə şəhəri Nizami rayon Polis İdarəsində mənə verilən işgəncə barədə aidiyyəti dövlət orqanlarını və mətbuatı məlumatlandırmağımdır. Gəncə şəhəri Nizami rayon Polis İdarəsinin rəisi Ədalət Sadıqov bu gün də məni təqib etməyi davam etdirir.

Belə ki, rəis Ədalət Sadıqov bu günlərdə Qazax rayonunun II Şıxlı kəndində yaşayan yaxın münasibətdə olduğum Əhmədova Ülviyyəni və onun qardaşı Əhmədov Daşqını Nizami rayon Polis İdarəsinə gətirdərək, onları barəmdə yalan izahat yazmağa məcbur edib. Guya mən Ülviyyəni Gəncə şəhərində kirayədə saxlayarkən 2016-cı ilin noyabr ayında bir nəfər gəlib onun kirayədə yaşadığı evin qapısını döyüb, o, gələn adamdan kim olduğunu soruşub. O da adının İlqar olduğunu və Ceyhun Rzayevin ona 1350 manat «atdığını» söyləyib. Ona görə də o, Ceyhun Rzayevdən Gəncə şəhəri Nizami rayon Polis İdarəsinə şikayət edib. Və polis də Ceyhun Rzayevi axtarışa verib və s. Gəncə şəhəri Nizami rayon Polis İdarəsinin rəisi Ədalət Sadıqov əsl cinayətkarı tapmaq əvəzinə, belə yalançı şahidlər tutmaqla mənə xuliqan damğası vurmağa çalışır. Onu da qeyd edim ki, Ədalət Sadıqov vaxtilə Qazax rayon Polis Şöbəsinin rəisi işləyəndə bu ailəni yaxından tanıyırdı. Onlar rəisdən nə səbəbə çağırıldıqlarını soruşanda Ədalət Sadıqov deyib ki, vaxtilə mən sizə çox kömək etmişəm, indi də növbə sizindir. Rəis deyib ki, onsuz da nə yolla olur-olsun Ceyhun Rzayevi həbs edəcəm, amma siz də mənə yardımçı olun, istədiyim formada izahat yazın. Lakin onlar rəisin bu təklifini rədd ediblər. Yalandan kiminsə üzünə durmayacaqlarını bildiriblər. Bu barədə mənə Ülviyyə ilə qardaşı danışdı. Halbuki Gəncə şəhərinin Məhsəti qəsəbəsindəki 12-ci küçədə kirayədə yaşadığım ünvanda mənim və həyat yoldaşım Rzayeva Ruhiyyənin 10-15 polis əməkdaşı tərəfindən fiziki zorakılığa məruz qalaraq Gəncə şəhəri Nizami rayon Polis İdarəsinə aparılmağımız barədə prezident İlham Əliyevə, Azərbaycanın 1-ci vitse-prezidenti Mehriban Əliyevaya, Baş Prokuror Zakir Qaralova və Sizə şikayət etmişəm. Belə ki, 26 mart 2017-ci il tarixində, saat 14:00 radələrində həyətimizin dəmir darvazası şiddətlə döyüldü, sonra da qışqırıq səsləri gəlir ki, tez olun qapını açın. Darvazanı açan həyat yoldaşım Rzayeva Ruhiyyəni nalayiq söyüşlərlə təhqir edən 4-5 nəfər mülki geyimli şəxs həyətə daxil oldular. Onlar həyat yoldaşımın üstünə qışqıraraq qatı cinayətkarı harada gizlətdiyini soruşdu. Bu zaman 5-6 mülki geyimli şəxs də həyətə hasarın üstündən daxil oldu. Sonra da silahlarını çıxararaq həyat yoldaşımı atəş açacaqları ilə hədələdilər. Həyat yoldaşım ağlaya-ağlaya soruşdu ki, axı siz kimsiniz, məndən nə istəyirsiniz? Bu zaman mən evin çardağında su çənini təmir edirdim. Həmin adamlar məni görəndə bir neçəsi evin cardağına qalxaraq mənimlə əlbəyaxa oldular. Sonra məni evin çardağından aşağı endirib qolumu qandallayaraq, məni həyat yoldaşımın və qonşuların gözü qarşısında döyməyə başladılar. Səs-küyə toplaşan qonşularımızı həyətdən uzaqlaşdıran həmin adamlar məni bir maşına, həyat yoldaşımı isə başqa bir maşına mindirərək bizi Gəncə şəhər Nizami rayon Polis İdarəsinə gətirdilər.

Bundan sonra həyətə basqın edən mülki geyimli şəxslərin polis olduğunu bildik. Polis idarəsində saxlanılmağımın səbəbi kimi barəmdə AR CM-in 178.1-ci maddəsi ilə (dələduzluq) cinayət işi açıldığı və bununla bağlı haqqımda axtarış verilməsi göstərildiyi bildirildi. Bir də, guya məni polisə tabe olmadığıma görə döyüblər. Məni əsas döyən rəis müavini və polis əməkdaşı Samir Ağakişiyev, digərləri isə əməliyyatçılar idi. Halbuki polis idarəsinə getməyim üçün nə mənə çağırış vərəqi göndərilib, nə də sahə müvəkkili mənə bu barədə deyib? Məni iki gün Nizami RPİ-də saxladıqdan sonra Gəncə şəhər Prokurorluğuna apardılar. Gəncə şəhər prokuroru Fazil Həsənəliyev məni və müstəntiqi dinlədikdən sonra dərhal sərbəst buraxılmağımı tələb etdi. Buna baxmayaraq, həmin gecə də məni polis idarəsinin müvəqqəti saxlama kamerasında saxladılar. Səbəbi bu idi ki, üzümdə və bədənimin müxtəlif yerlərində olan yaralar və göyərtilər çəkilsin. Hörmətli cənab nazir! Müraciətimin xüsusi nəzarətə götürülməsini, Azərbaycan polisinin şərəfli adına ləkə gətirən Cəncə şəhəri Nizami rayon Polis İdarəsinin adları çəkilən polis əməkdaşlarının və məni haqq-nahaqq şərləyib həbs etdirmək istəyən Gəncə şəhəri Nizami rayon Polis İdarəsinin rəisi Ədalət Sadıqov barəsində müvafiq tədbirlər görülməsini xahiş edirəm». Qeyd etdiyimiz kimi, döyülən və xəsarət alan Rzayev Ceyhun Akif oğlunun xahişi ilə şikayət ərizəsində toxunulan faktları yerində araşdırmaq üçün Gəncə şəhərində olmuşduq. Şikayət ərizəsində zərərçəkmiş kimi qeyd olunan Gəncə şəhərinin Məhsəti qəsəbəsindəki 12-ci küçədə kirayədə yaşayan Rzayev Ceyhunla, eləcə də sözügedən hadisənin şahidləri ilə görüşüb fikirlərini öyrənmişdik. Şahidlər video-müsahibələrində sözügedən hadisənin şahidi olduqlarını bildirmiş və oxşar fikirlərini ifadə etmişlər.

Məsələ ilə bağlı Nizami rayon Polis İdarəsinin rəisi Ədalət Sadıqovla da görüşmüşdük. Ə.Sadıqov heç nə deyə bilməyəcəyini söyləsə də, bircə onu əlavə etmişdi ki, Rzayev Ceyhun saxlanılan zaman polisə müqavimət göstərib və ona görə də Gəncə şəhər Prokurorluğunda barəsində cinayət işi açılıb. Gəncə şəhər Prokurorluğundan isə yalnız onu öyrənə bilmişdik ki, Ceyhun Rzayev müayinədən keçmək üçün məhkəmə-tibbi ekspertizaya göndərilib. Lakin məhkəmə-tibbi ekspertizasının rəyi hələlik hazır deyil... /// tezadlar.az



Reytinq: