» » İki qardaşın Azərbaycanda qızıl və brilyant monopoliyası


İki qardaşın Azərbaycanda qızıl və brilyant monopoliyası

29-05-2015, 19:10
Oxunub: 2934
Çap et
İki qardaşın Azərbaycanda qızıl və brilyant monopoliyası

Milli Bankın dünənki məzənnəsinə görə qızılın bir unsiyası 1269.3303 manatdır. Qramı təqribən 41 manat. Keçən il bu vaxt 1016 manat olub, yəni o vaxtkı qiymətlə 1300 dollar. Əslində bizim üçün o vaxt ucuz, dünya bazarı üçün baha imiş, ona görə ki, manat dollardan güclüydü. Unsiyanın rəsmi məzənnədə 898 manat olduğu vaxt da vardı. Bu, çox da uzaq keçmişə təsadüf etmir, söhbət keçən ilin noyabr ayının ilk ongünlüyündən gedir. Sonrakı dövrlərdə də qiymət xeyli müddət aşağı səviyyədə qaldı. Bu ilin yanvarından ölkəyə idxal olunan qızılın hər qramı üçün 80 qəpikdən 2 manatadək vergi rüsumu nəzərdə tutulması barədə qərar qəbulundan sonra rüsum dərhal tətbiq edilməsə də qiymətdə cüzi artım müşahidə olunurdu. “Bizim Yol” qəzetinin əməkdaşı Mərkəzi Univermaqda qızılın qiyməti ilə maraqlananda MB-nin rəsmi məzənnəsində 1 unsiya 965 manat idi, qramı 31 manat. Təbii ki, o vaxt üçün manatın məzənnəsini dollardan 34 faiz də baha düşünün. Univermaqda isə həmin vaxt qiymətli metalın qramının satışı 40-46 manat arasında dəyişirdi, alışı 20-23 manatdan idi.
Bu ilin fevral ayının 20-də rəsmi məzənnə 950 manat olub. Axırıncı dəfə həmin gün qızılı ucuz gördük. Fevralın 21-də isə, yəni devalvasiya günü birdən-birə 1268 manata qalxıb. 318 manat fərq 34 faizlik bir dəyişiklikdir. Dollar qiymətə qalxandan sonra qızılın da qiyməti avtomatik bahalaşdı. Əslində qızıl satıcıları bunu bahalaşma kimi dəyərləndirmirlər, deyirlər “fərq sadəcə ondadır ki, indi manat yox, dollarla hesablanır”. Əvvəllər də dollarla hesablanırdı, amma manata çevirəndə 34 faiz ucuz olurdu, indi isə təxminən o qədər bahadır. “İzdeliye” (məmulat) adətən yüksək qiymətlə satıldığından və əhalinin də yatırıma üstünlük verdiyini nəzərə alaraq bu dəfə əsasən külçə (slitki) qızılların qiymətini müqayisə etdim. Məsələn, 100 qramlıq külçələr 4400 dollardır, qramı 44 dollara düşür. Satıcı manatla da ifadə etdi – 4650 manat. Yanvar ayında apardığımız müşahidə nəticəsində belə qızılların qramı 34 manat idi, indi 46.50 manatdır. 36 faizlik bir artım var. 50 qramlıq külçələr 2400 dollardır. Satıcı manatla ekvivalentini də söylədi – 2500 manat. Qramı 50 manatdan hesablanır. Belə külçələrin çəkisi azaldıqca ona uyğun olaraq da qramın qiyməti artır. Özləri isə satış qiymətindən 100-200 manatlıq fərqlə geri ala bilirlər. Deyir, idxal məhsullarında dünya bazarı əsas götürülmür, çünki qızılın gömrük və vergi rüsumları, daşınma xərcləri də üzərinə gəlir. Odur ki, alqı-satqı zamanı bu amillər nəzərə alınır, çəkilən xərclər dünya bazarındakı qiymətlərin üzərinə əlavə olunur. Alıcılardan biri külçələrə baxıb şərh verdi: “Adı yatırımdır, həqiqətən də “yatıb” qalır. Doğrudur, devalvasiya zamanı qızıl bir qədər dəyər aldı, amma təbii ki, satıldığı qədər yox. Həm də qızılı lazım olan vaxt operativ satmaq o qədər də asan deyil. Ona görə də pulunu dollarda saxlayanlar qazanıblar”.
İsveçrə, Avstraliya qızılları 25 manat bahalanıb
Satıcı dedi ki, zaman keçdikcə qızıl da dəyər alır, həmin külçələri vaxtilə 850 dollara alıb 1000 dollara satıblar. Hazırda 4 dəfədən də çox bahadır: “Onluq qızılı 80 dollara satırdım, indi 550 dollardır. Vaxt olub ki, qramı 70 dollar idi, birini 7000 dollara satmışam. Hazırda ucuzdur, bundan ucuz vaxtı olmayıb”. Amma bu ilin yanvarında bizim apardığımız araşdırmalara görə 10, 20, 50, 100 qramlıq İsveçrə, Avstraliya qızıllarının qramı 35-45 manat arasında dəyişirdi. Sertifikatlı 20 qramlıq rus monetləri isə 34 manatdı. Indi isə qiymət 60 manata qədərdir. Başqa bir satıcı dedi ki, “mən qızıl işinə başladığım vaxt qramı 8.5 dollar idi. Amma bahalandığı da olub, külçələrin qramının 56 dollara qalxdığı vaxt da vardı. İndikindən isə ucuz olmayacaq. Arada 1 unsiya 1700 dollara qalxmışdı”.
Məhərrəmlik dövrünü yadlarına salmağa çalışdım, “xatırlamadılar”. Onlar bahalaşmanı sözdə qizlətməyə çalışır, bunu “dollarla ifadə” kimi qələmə verirlər. Hədiyyə və yatırım üçün külçələri ən əlverişli sayırlar. Dediklərinə görə belələrini istədiyiniz vaxt satmaq problem deyil. Onun alıcısı da özləridir, mövcud qiymətlərdən 1-2 manat ucuz geri alırlar: Deyir, plombu açılmayıbsa ən uzağı 2 manat ucuz qiymətlə hər zaman sata bilərsiz, amma açılıbsa qiyməti ucuz olacaq. Onu artıq “izdeliye” kimi yox, işlətmək, qızıl düzəltmək üçün “lom” (qırıntı) kimi alırlar, “lom”un qiyməti isə müqayisədə ucuzdur. Dünyanın hər yerində də bunlar “tanınır”, hansı banka aparılsa qəbul edirlər. İsveçrə və Avstraliya qızıllarının müqayisəsini edənlər yatırım üçün üstünlüyü birinciyə verirlər. Ümumiyyətlə, bu monetlər başqa qızıllar kimi “lom” qiymətinə satılmır. Onsuz da qızıl alıcıları gündən-günə azalır. Devalvasiyadan sonra isə vəziyyət bir qədər də ağırlaşıb, mərkəzi univermağa əvvəllər gələn 10 nəfərdən 5-i potensial alıcı idisə, indi çoxluq “gəzməyə”, bəlkə də bir az qiymətli daşlarla gözünü “oxşamağa” gəlir.
Qıymətli metal hər dəqiqə bahalana bilər
Satıcı məni potensial alıcı qəbul edib guya əvvəlcə “qorxudur”, deyir “unsiya 1700 manata olsa, o zaman 100 qramlıq külçəni 6300 manata alacaqsız”. Soruşdum ki, belə olma ehtimalı var? Dedi “niyə yoxdur, bir dəfə olubsa, yenə olacaq deməkdir”. İndi də məni şirnikləndirir, “indi alsanız o vaxt 100-200 manat ucuzuna satacaqsız, ortada 2000 manatlıq qazancınız olacaq. Bilmək olmur, qalxanda bir gecənin içində qalxır. Camaat banklara manatla pul qoymuşdu, indi qəpik olub. Indiki halda minimal qiymətdir, hazırda 4300-ə alıb, 4400-ə satırıq. Sabah qiymət bahalana da bilər. 1 həftə sonra mənə qaytarsanız, 200 manat fərqlə pulu sizə verərəm. Bir xanıma 50 ədəd 20 qramlıq satmışdım, hər biri 500 dollara. 3 ay evində saxladı, sonra 900 dollara satdı, 20 min manat pul qazandı. “Qızıldan qazanc götürmək olmaz”, deyənlər düzgün proqnoz vermirlər, ağıllı adamlar qazana bilirlər. Bir də təbii ki, dünya bazarındakı qiymət və devalvasiya kimi proqnozlaşdırılmayan proseslər də buna səbəb ola bilir”.
Heydər Əliyevin əksi həkk olunmuş 1 unsiyalıq monetin qiymətini 2500 manat dedi. Üç ay əvvəl onlar 1700 manat idi. Satıcı onu hətta bir müddət öncə 1400 manata da satdığını demişdi. Eksklüziv olduğundan qramı 80 manatdan düşür. Limitlə hazırlanan bu monetlərin sayı azaldıqca qiyməti də artır. Qısa müddətdə qiymət iki dəfəyə qədər bahalaşıb. İngiltərə kraliçası II Jelizavetanın əksi olan monet isə ondan ucuzdu, unsiyası 1800 manat. Deyir, bu monetlər saysız-hesabsız buraxılıb, eksklüziv hesab olunmur. 20 qramlıq monetlərin qiyməti 1150 manatdır, qramı 58 manatdan hesablanır. 5 qramlıqların hər qramının satış qiyməti 70 manatdır. Kiloluq külçənin qramı isə 42 manatdan hesablanmaqla 42 min manat idi. Dedi “onu alsanız hətta qızılın qiyməti sabit qalsa belə itkiniz çox olmayacaq, cəmi 2 min manat. Mən hələ qazancdan danışmıram, ən azından pulunuzu mümkün dəyərsizləşmədən qoruya biləcəyinizi diqqətinizə çatdırmaq istəyirəm. Qazanc istisna deyil”.
Qızıl, brilyant qardaşların monopoliyasındadır
Növbəti bölmədə ağ qızıl dəstinin qiyməti ilə maraqlandım. Daha çox gümüşə bənzəyirdi. “Qranat” daşlı bu dəstin üstündə az miqdarda brilyant da varmış. Bir cüt sırğa və medalyondan ibarət dəstin daşlarla birgə çəkisini 20 qram dedilər. Qiyməti 650 manat idi, amma 100-150 manat endirim edə bilərmişlər. Adətən ağ qızıl qiymətinə görə sarı və qırmızı qızıldan bahadır. Üstəgəl, iddiasına görə üzərində qiymətli daşı da vardı. Bir az şübhələndim. Sosial şəbəkələrdə də oxumuşdum ki, buradan alınan bəzi ağ qızıllar getdikcə sarıya çalır. Əslində isə təbii ağ qızıl rəngi və parlaqlığını uzun müddət qoruyur.
Faiqlə devalvasiyadan əvvəl söhbət etmişdim, o vaxt qızılı minimum 34 manatdan başlayan qiymətlərlə satırdı, indi aşağısı 43 dollar dedi. Onun sözlərinə görə satdığı külçəni mövcud bazar qiymətindən 1 dollar ucuz geri götürür. 50 qramlıq qalmamışdı, deyəsən alıcı təlabatı çox idi, camaat pulunu qızılda saxlamağa üstünlük verir. Amma alıcıdan çox da razılıq etmədi, əlində qalan külçə sayı keçən dəfəkindən çoxdu. Faiq də “bahalanma” sözünü yaxın buraxmır, deyir “dollar qalxıb, manat düşüb, biz isə qızılın qiymətini sadəcə dünya bazarında olduğu kimi dollarla ifadə edirik. Amma devalvasiyadan əvvəl 34 manatlıq qızıl indi 45 manatdırsa onu alanlar hər qramda 10 manat “qabağa” düşüblər”. Faiq deyir ki, yeni tətbiq olunan vergini o qədər də hiss etmirlər, sadəcə 34 faiz dəyişiklik nəzərə çarpır. Belə ki, özü xaricə gedib qızıl gətirmir, bunun monopoliyası, digər xərcləri var: “Ölkəyə külçə qızıllar və brilyantı daşı iki qardaş gətirib, paylayır. Qızılı Emin müəllim, daşları isə Fuad müəllim gətirir. Bu iş onlara verilib”.
Bizim yol



Reytinq: