» » Bakıda biabırçılıq: Kanalizasiya birbaşa çimərliyə axıdılır


Bakıda biabırçılıq: Kanalizasiya birbaşa çimərliyə axıdılır

2-07-2019, 00:06
Oxunub: 32
Çap et
Bakıda biabırçılıq: Kanalizasiya birbaşa çimərliyə axıdılır


Hövsan ərazisində yerləşən çimərliklərin birində kanalizasiya çirkabı birbaşa dənizə axıdılır.
Bu günlərdə sosial şəbəkələrdə bununla bağlı videogörüntü yayılıb. Görüntülərdən bəlli olur ki, çimərlik ərazisindən istifadənin qadağan olunması ilə bağlı xəbərdarlıq nişanları da asılıb, lakin buna məhəl qoyulmur. Yaxınlıqda yaşayan sakinlər kəskin üfunətdən, natəmizlikdən şikayətləniblər. Sakinlər deyiblər ki, Ekologiya və Təbii Sərvətlər, eləcə də Fövqəladə Hallar nazirliklərinə tədbir görülməsi üçün çoxsaylı müraciət ünvanlayıblar. Onlara yaxın zamanlarda problemin həllini tapacağı vəd olunub.

Bizimyol.info xəbər verir ki, Virtualaz.org Hövsanda dənizə yaxın ərazilərin zəbt edilərək qeyri-qanuni evlər tikilməsi, kanalizasiya xətti olmadığından çirkabın birbaşa dənizə axıdılması ilə bağlı problemi hələ 1 il əvvəl işıqlandırmışdı. Yaxınlıqda yaşayan sakinlər sayta bildirmişdilər ki, son iki-üç ilədək bu ərazilər çimərlik hesab olunub. Sonradan ərazi zəbt edilib, qanunsuz evlər tilib. İndi evlərlə dəniz arasında az qala 10-15 mert məsafə var. Yeni salınan qəsəbənin kanalizasiya xətti olmadığından çirkab dənizə axıdılır. Xüsusilə, küləkli havada üfunətdən nəfəs almaq mümkün deyil.

Abbas Vəliyev adlı Hövsan sakini ev dəllallarının əvvəlcə ərazini hasarlayaraq balaca gecəqondu tikdiyini, ardınca dəniz sahillərində hazır ev adı ilə satışa çıxarıldığını söyləmişdi: “Gördüyünüz evlərin əksəriyyəti ev dəllalları tərəfindən inşa edilib. Bu evlər tikiləndən sonra üfunət iyindən çimərliyə yaxın durmaq olmur”.

Şakir İsmayılov isə təkcə kanalizasiya çirkabının deyil, məişət tullantılarının da dənizə atılmasından şikayətlənmişdi: “Çimərliyə girişin pullu olub-olmamasının fərqi yoxdur, burda kanalizasiya dənizə axır, 2 metr kənarda isə pullu çimərlik var. Sadəcə olaraq orada oturacaq, çətir, bir də çay, yemək verilir”.

Görünür ki, üzərindən düz bir il keçsə də, vəziyyət dəyişməz qalıb. 1 il ərzində dəyişən yalnız Hövsan çimərliklərinin qadağan olunmuş ərazilər siyahısına daxil edilməsidir ki, görüntülərdən buna da riayət edilmədiyi məlum olur.



Reytinq: