» » Xaricə axan milyardlar: İdxaldan asılılıq niyə artır?


Xaricə axan milyardlar: İdxaldan asılılıq niyə artır?

21-04-2019, 22:52
Oxunub: 76
Çap et
Xaricə axan milyardlar: İdxaldan asılılıq niyə artır?


Ölkəmizdə idxal göstəriciləri kəskin artıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2019-cu ilin 3 ayı üzrə xaricdən məhsul idxalı 3.135 mlrd.dollara çatıb.
İqtisadçı Rövşən Ağayev mətbuata açıqlamasında bildirib ki, bu, idxalın indiyədək görünməmiş bir məbləğə çatmasıdır: “İndiyədək heç zaman Azərbaycanın orta aylıq idxalı 1 mlrd. dolları, illik idxalı 10.7 mlrd. dolları ötməyib. İllik yekunla götürdükdə orta rüblük göstəricinin 3 mlrd.dolları ötdüyünü də xatırlamıram.

Amma 2019-cu ilin 3 ayı üzrə xaricdən məhsul idxalı 3.135 mlrd.dollara çatıb. Əgər bu temp davam edərsə, illik idxal 13 mlrd. dollara yaxınlaşacaq. İdxalı artıran əsas səbəb dövlət sektorudur.Belə ki, 2018-ci ilin 3 ayına nisbətən bu ilin 3 ayında idxal 944 mln.dollar (43%) artıb. Bu artımın, təxminən 800 mln.dolları (bütün artımın 85%-i) dövlət sektoru hesabına təmin edilib.

Əgər artım özəl sektor hesabına olsa idi, belə kəskin artımın idxalda leqallaşma hesabına baş verdiyi ehtimalını düşünmək olardı.Bu ilin 3 ayında bütün idxalın 38%-ni dövlət idxalı təşkil edib. Ötən il həmin göstərici cəmi 17.8% olmuşdu. Amma aydındır ki, dövlət sektorunun idxalı həmişə rəsmi olub.Dövlət sektorunun idxalı niyə belə sürətlə artır? Bunun cavabını bir halda bilmək olardı: Gömrük Komitəsi özəl və dövlət sektoru üzrə idxalı mal qruplarını ayrıca təqdim edəydi. Bizdə isə belə statistika aparılmır”.

Məlumdur ki, ölkəmizdə qarşıya qoyulan iqtisadi məqsədlərdən biri də idxaldan asılılığın azaldılmasıdır ki, bunun da əsasında qeyri-neft sektoru üzrə istehsalın genişləndirilməsi dayanır.Amma qeyd olunduğu kimi, bu sıçrayışla illik idxal göstəricilərinin ötən illərlə müqayisədə artım səviyyəsinin 3 milyard dolları ötəcəyi gözlənilir.

İdxal göstəricilərinin ilbəil artmasının səbəbləri nədir və bu Azərbaycan iqtisadiyyatına nə vəd edir?

İqtisadçı ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, idxal göstəricilərinin artması Azərbaycanda iqtisadiyyatın canlanmasına işarədir:

“Amma çox təəssüf ki, əsasən dövlət sifarişləri ilə idxal artıb. Burada biznesin iştirakı o qədər də nəzərə çarpacaq deyil.Özü-özlüyündə idxalın artması iqtisadi canlanmaya səbəb olan elementlərdən biridir.Amma bunun neqativ tərəfi ondan ibarətdir ki, idxaldan asılılıq getdikcə daha nəzərə çarpacaq olur və təbii olaraq ölkədən çıxan valyutanın həcmi də artır.Bu zaman valyutaya tələbat da artır, bu isə gələcəkdə manat-dollar münasibətlərinə mənfi təsir göstərə bilər.İdxal azalan zaman isə iqtisadi aktivlik azalır.Son vaxtlar bankların kreditləşməni artırması, böyük ticarət şəbəkələrinin əsasən də, elektrotexnika və məişət avadanlıqlarını 2014-2015-ci illərdə olduğu kimi faizsiz və ya aşağı faizlə satışlarının artırması valyutaya tələbatı və idxalı artıran amillərdən birinə çevrilib”.

İdxaldan asılılığın azaldılması üçün qarşıya qoyulan məqsədlərə çatmaq niyə mümkün olmur?

İqtisadçı deyir ki, Azərbaycanda istehsal sahələrinin genişləndirilməsi üçün böyük investisiyaların yatırılmasına ehtiyac var:

“Burada dövlət əsas oyunçu olmamalıdır. Xarici investorlara birbaşa ölkə bazarına girmək üçün şərait olmalıdır ki, yerli istehsal artsın.Bir acı həqiqət də var ki, investisiya mühiti nə qədər yaxşılaşsa belə, elə məhsul növləri var ki, onların yaxın gələcəkdə Azərbaycanda istehsalının təşkili və bunun rəqabətə davamlılığı mümkün deyil.Məişət avadanlığı, mobil telefonlar, elektrotexnika, avtomobillər, dərman preparatlarının Azərbaycanda istehsalı rentabelli də deyil.Çünki Azərbaycan bazarı kiçikdir, investorlar 10 milyonluq bir bazara investitsiya qoyaraq, ayrıca istehsal sahələri yaratmağa da maraqlı deyil.Amma bəzi sahələr var idi ki, burada Azərbaycanın ənənəvi üstünlüyü var idi.Ənənəvi üstünlüyün də itməsi təəccüb və təşviş doğuran məsələlərdəndir.Məsələn, əvvəllər ölkəmizdə ət məhsullarının təminatının yerli istehsalla ödənilməsində hansısa problem yox idi.Amma ötən ilin ilk üç ayı ilə müqayisədə 2019-cu ilin ilk üç ayı ərzində ət idxalı 50 faiz artıb.Deməli, biz ənənəvi sahələrdə belə geriləyirik.Bu sahələrdə belə idxaldan asılı vəziyyətə düşürük.Bu Azərbaycan hökumətinə ciddi siqnal olmalıdır ki, bu sahədə olan problemləri aradan qaldırsın”.

Natiq Cəfərlinin sözlərinə görə, idxaldan asılılıq qiymət artımını şərtləndirir:

“İdxaldan asılılıq artdıqca, dünya bazarındakı qiymət dəyişikliklərindən də əziyyət çəkirik. Buna ən yaxşı misalı bu yaxınlarda buğdanın qiymətinin artması oldu. Çox təəssüf ki, ölkəmizin keyfiyyətli buğda ilə tələbatı da yerli istehsal sayəsində ödənilmir.Xaricdən alınan buğdanın miqdarında da kəskin artım müşahidə olunur. Xaricdə buğdanın qiymətinin bahalaşması dərhal ölkədə un və un məmulatlarının qiymətlərinin artmasına səbəb oldu. Doğrudur, inzibati müdaxilələrlə qiyməti tənzimləməyə çalışırlar.Amma bu müvəqqəti xarakter daşıyır.Bu yolla qiymətin tənzimlənməsi gələcəkdə daha ciddi fəsadlara gətirib çıxara bilər.Ən yaxşı yol məhsul bolluğunun yaradılması və istehsalın genişləndirilməsidir ki, bu yöndə görüləcək kifayət qədər işlər var”. (Qaynarinfo.az)



Reytinq: