» » Özünü öldürməsən, uşaqlarını öldürəcəyik! – 6 tələbənin ölümünə səbəb olan sürücüyə şok təhdid


Özünü öldürməsən, uşaqlarını öldürəcəyik! – 6 tələbənin ölümünə səbəb olan sürücüyə şok təhdid

20-06-2017, 23:26
Oxunub: 469
Çap et
Özünü öldürməsən, uşaqlarını öldürəcəyik! – 6 tələbənin ölümünə səbəb olan sürücüyə şok təhdid

Sumqayıt yolunda tələbələrin ölümü ilə nəticələnən qəzanı törədən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə başlayıb.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası davam edib.

Prosesdən əvvəl ölən şəxslərin valideynləri ilə təqsirləndirilən şəxs arasında mübahisə düşüb.

Zərərçəkmişlərin nümayəndəsi təqsirləndiriləni təhdid ediblər: “Uşaqların il mərasiminə qədər özünü öldürməsən, uşaqlarını öldürəcəyik”.

Proses başlayıb. Hakim bildirib ki, təqsirləndirilən şəxsi dövlət hesabına vəkil Şirin Atayev müdafiə edəcək.

Hakim tərəflərin vəkilə etirazı olub-olmadığını soruşub. Zərərçəkmişlər vəkilə etiraz edib: “6 balanın ölümünə səbəb olan, 21 nəfəri yaralayan adamı müdafiə etmək olmaz”.

Bu zaman vəkil Ş.Atayev valideynlərdən hadisə haqda soruşub və şəxsi tanımadığı bəlli olub: “Bu hansı qəzadı? Sumqayıt yolunda olan? Televizorda göstərmişdilər, bu həmin adamdı? Hə, allah rəhmət eləsin!”.

Hakim bildirib ki, etiraz yalnız qanun çərçivəsində olmalıdır.

Məhkəmə işi baxışa verilib. Proses iyunun 29-a təyin edilib.

Qeyd edək ki, bu il martın 9-da saat 08:00 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi “Ford” markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış həmyerlisi Elvin Şəmistanlıya məxsus “ZİL” markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb.

Nəticədə mikroavtobusda olan Sumqayıt Dövlət Universitetində təhsil alan 6 tələbə – Fizika və elektroenergetika fakültəsinin III kurs tələbələri İbrahim Quliyev, İbrahim Nəsibov, Tarix və coğrafiya fakültəsinin III kurs tələbələri Çinarə Quliyeva, Rəşad Caniyev, Roza Muradova, 1999-cu il təvəllüdlü Lalə Nəsirzadə ölüb, daha 20 tələbə yaralanıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Mikroavtobusun sürücüsü N.Hüseynov şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.



Reytinq: