» » Bakıda 1 manata palto satılan yerdən REPORTAJ (VİDEO)


Bakıda 1 manata palto satılan yerdən REPORTAJ (VİDEO)

10-02-2017, 15:16
Oxunub: 577
Çap et
Bakıda 1 manata palto satılan yerdən REPORTAJ (VİDEO)


"O əşyalar ki, brend mağazalarında bahadır, burada o mağazalara nisbətən daha ucuzdur. Çoxu təmiz pambıqdır, allergiya vermir, buna görə də mən buradan geyinirəm". Söhbət "second hand" kimi tanınan ikinci əl geyimlərdən gedir. Bir çoxları bu geyimlərə üstünlük versələr də, bəziləri buna yox deyir.

Hazırda ikinci əl geyimlərə tələbatın hansı səviyyədə olduğunu bilmək üçün müraciət etdiyimiz mağazalardan yalnız birindən müsahibə ala bildik. Satıcı xanım bildirdi ki, ikinci əl geyimlər daha çox Avropadan gətirilir. Hazırda isə bu məhsullara tələbat aşağı səviyyədədir: "Müraciət edən əvvəllər daha çox olurdu. İndi bir az vəziyyət hər yerdə gərgindir deyə, müraciət edənlər də azdır. Xarici mallardır. İçərisində Almaniyadan, Fransadan, Çindən gələnlər də var. Burada olan geyimlər pambıqdır, keyfiyyəti yaxşıdır. Bilirsən ki, sintetik deyil, uşaqlar üçün yaxşıdır".

Onun sözlərinə görə, üst geyimlərinə daha çox müraciət olunur. Gətirilən malların hər biri xüsusi dərmanlarla dezinfeksiya edilir: "Çox ucuzdur burada mallar. 3 manata, elə olur ki, 2 manata üst geyimi alırsan. Bəzən olur ki, 1 manata da paltolar olur. Başqa mağazalarda tapa bilərsənmi pambığı, keyfiyyətli məhsulu bu qiymətə? Geyinmirəm deyənlər yekəxanalıqdan deyirlər. Yəqin o adamın maddi vəziyyəti yaxşıdır. Maddi vəziyyəti yaxşı olan, əlbəttə, buradan geyinməz".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, ikinci əl mallar dünyada ciddi istehlakçı problemi yaradır. Hər 3 ildən bir keçirilən ümumdünya konqresində ikinci əl məhsulların problemləri barədə dünya səviyyəsində müzakirələr aparılır: "Xarici ölkələrdə ətraf mühitə atılmaması üçün yığılır paltarlar və bəzi ölkələrə göndərilir, o cümlədən Azərbaycana da gətirilir. Mağazalarda 5 yaşından kiçik uşaq üçün paltarlar olmamalıdır. Lakin Azərbaycanda verilən sertifikatda bu öz əksini tapmır, kiçik yaşlı uşaq üçün paltarlar da var".

Müsahibimiz deyir ki, istehlakçılar ikinci əl geyimləri də 14 gün müddətində dəyişə və qaytara bilərlər.

Həkim dermatoloq Azər Şamilov deyir ki, bu geyimləri alarkən ilk olaraq gigiyenik sertifikat tələb etmək lazımdır. Onun sözlərinə görə, bu geyimlər xüsusi dezinfeksiyaedici məhlullardan istifadə olunaraq təmizləndiyi üçün dəridə müxtəlif problemlər yarada bilər: "Həmin kimyəvi məhlullar dəriyə qıcıqlanma allergik reaksiyalar yarada bilər. Eyni zamanda bu tip geyimlər tam təmizlənməsə, dezinfeksiyadan keçməsə, dəri üçün müxtəlif xəstəliklər yarada bilər. Ən çox bunlardan rast gəldiyimiz demodeks, qoturluq gənələri, göbələk xəstəlikləri kimi xəstəlikləri sadalaya bilərik ki, xəstələr bu geyimlərdən sonra bizə müraciət edirlər".

Müsahibimiz deyir ki, ikinci əl geyimlərin içərisində ən çox yayılmış olan xəz dərili geyimlər dezinfeksiya olunmur, buna görə də onlarda parazitar xəstəliklərə rast gəlmək tezliyi çoxdur: "Bu geyimlərdən istifadə edərkən hansısa bir arzuolunmaz xəstəliyə düçar ola bilərik. Bilmək lazımdır bu geyimlər haradan gəlib çıxır. Bu geyimlər ağır xəstəlikləri olan məsələn vərəm xəstəsində ola bilər, hansısa xəstəlikdən vəfat edən insanın geyindiyi geyim ola bilər".

Həkim deyir ki, əgər bu cür geyimlər alınarsa ,mütləq bir neçə gün açıq havada saxlamaq lazımdır. Əgər yuyulması mümkün olan geyimdirsə, xüsusi təmizləyici məhlullarla yuduqdan sonra geyinmək lazımdır. İç və uşaqlar üçün ikinci əl geyimləri almaq qətiyyən məsləhət deyil.



Reytinq: