» » «Deputat Ledi Qaqaya yerilən 3 milyona niyə etiraz etmədi?»


«Deputat Ledi Qaqaya yerilən 3 milyona niyə etiraz etmədi?»

21-10-2016, 00:25
Oxunub: 572
Çap et
«Deputat Ledi Qaqaya yerilən 3 milyona niyə etiraz etmədi?»


Ekspertlər Hacı Rəcəblinin açıqlamalarını qeyri-səmimi adlandırırlar Natiq Cəfərli: «Büdcənin yükü şəhid ailələrinə ayırılan müavinət deyil, başqa xərclərdir» Azər Mehtiyev: «Əvvəla, sual qoyulmalıdır ki, niyə büdcə bu gündədir…»
«Şəhid ailələrinə verilən birdəfəlik müavinətin 10 dəfə artırılması barədə təkliflər populizmdir. Bu əlbəttə ki, mümkün deyil”. Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olanların ailələrinə birdəfəlik yardımların artırılması barədə deputat həmkarlarının təklifini şərh edərkən belə deyib.

Komitə sədri modern.az-a açıqlamasında birdəfəlik müavinətin 10 dəfə artırılması təklifini “mümkünsüz” adlandırıb. “11 min manatın 100 min manata qaldırılmasına bugünkü dövlət büdcəmiz heç bir formada imkan vermir. Bu gün hamımız deyək ki, maaşları 22 dəfə artırmaq lazımdır. Belə deyil axı. Bunun arxasında maliyyə, pul olmalıdır”.

Hadı Rəcəbli ölkə büdcəsinin azlığından da şikayətlənib: “2017-ci il üçün təsdiq olunmuş dövlət büdcəsi son 5 ilin ən az büdcəsidir. Bu cür fikirləri səsləndirərkən büdcədən xəbərdar olmaq lazımdır. Onların büdcədən xəbərləri yoxdur. Şəhidlərə 100 min manat versək, Qarabağ əlilləri deyəcək ki, onlara verirsinizsə, bizə niyə vermirsiniz? Müharibə zamanı adi şəraitdə ölən adama da gərək, onun heç olmasa ən azı 50 faizini verək. Sağlamlığını itirən, minaya düşənlər də deyəcək ki, bizə də 100 min manat verin. Mən onlardan yaxşı bilirəm. Belə fikirlər yalnız populizmdir. Mümkün deyil”...

Komitə sədri onu da vurğulayıb ki, şəhid ailələrinə deyilən qədər müavinət verilsə, o zaman Qarabağ əlilləri də müavinətlərinin artırılmasını istəyəcək. O cümlədən, başqa kateqoriyadan olanlar da, bu isə mümkün deyil".

1997-ci ilin mayında “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanun qəbul edilib. Bu qanunda ərazi bütövlüyü uğrunda döyüşlərdə ölən və yaralanan insanlara sığorta pulun verilməsi barədə maddə var. Həmin qanuna görə, sığorta hadisəsi baş verdiyi andan 3 il müddətinə pul ödənməlidir. 2013-cü ildə qanuna dəyişiklik edilib və bu bütün dövrü əhatə edib. 2006-cı ildə həlak olanların ailələrinə verilən sığorta haqqı 11 min manata qaldırılıb. Birinci qrup Qarabağ əlilinə 8800 manat, ikinci qrupa 6600 manat, üçüncü qrupa isə 4400 manat sığorta pulu müəyyənləşdirilib.
Ancaq bu pullar hələ də verilməyib. Qarabağ əlilləri deyir ki, ölkəyə böyük neft pulları gələn vaxt sığorta pulları yada düşməyib. İndi çətin verilsin. Bəzi Qarabağ əlilləri də manatın devalvasiyasını nəzərə alaraq sığorta pulunun artırılmasını tələb edirlər.


İqtisadçı ekspert Natiq Cəfərli Bizimyol.info-ya şərhində bildirdi ki, deputatın dövlət büdcəsinə belə ürəyi yanırsa, əlavə xərcləmələrə ciddi problem kimi baxırsa, nəyə görə idman oyunlarına ayrılan vəsaitlə bağlı heç vaxt belə çıxışlar etməyib? «Nə Avropa Oyunları, nə «Formula-1», nə də gələn il keçiriləcək İslam oyunları ilə bağlı heç bir açıqlamasını görməmişik. Əgər büdcənin qeydinə qalırsa, büdcə xərcləmələrinin azalmasını düşünürsə ən azından belə xərclərə etirazını bildirməli idi. Bu günə qədər bu baş verməyib, ancaq şəhid ailələri ilə bağlı səsləndirilən təkliflərin belə kəskin etiraz doğurması açığı təəssüf və təəccüb doğurur. Çünki Azərbaycan torpaqları işğal altındadırsa, vətəni qoruyan insanların bir arxayınlığı olmalıdır ki, onların başlarına bir iş gəlsə, onların ailələri ən azından əziyyət çəkməyəcək. Ailələrinə kifayət qədər yardım olunacaq və bir müddət heç bir korluq çəkməyəcəklər”.

N.Cəfərlinin fikrincə, Azərbaycanda son dövrlərdə aprel döyüşlərini çıxmaq şərti ilə, böyük itki vermirik: “Müasir texnikayla Azərbaycan ordusunun təchiz olunması, yeni növ qoruyucu vasitələrin alınması bütün bunlar şəhidləri sayını minimum endirməyə kömək edir, dəstək olur. Bu nöqteyi-nəzərdən şəhid ailələrinə yüz min manat ödənişin verilməsi o qədər də böyük yük gətiməz büdcəyə. Büdcəyə yükləyən başqa amillərdir. Təkcə Avropa oyunlarında Ledi Qaqanın bir mahnı oxumasına 3 milyon manat verilmişdi. Əgər şəhid ailələrinə verilən bir dəfəlik müavinət 100 min manat olsa, bu təxminən 30 şəhid ailəsinə yardım deməkdir. Bu o qədər də böyük məbləğ deyil. Hadi Rəcəblinin çıxışını mən qeyri-səmimi sayıram. Çünki səmimi olsaydı, büdcədən izafi xərclərə etiraz edərdi”.
İqtisadçı Azər Mehtiyev isə bildirib ki, burda söhbət müharibə iştirakçılarından gedir, insanlar onlara münasibətdən narahatlıq keçirməsinlər və doğrudan da, xüsusi statuslu insan olduqlarını bilsinlər: "Bu məsələ isə kompleks yanaşma və yaşayış səviyyəsinə uyğun addımlar atılmasını tələb edir. Heç bir ölkə özünün büdcə imkanlarını əsas gətirərək bu cür təbəqələrə xüsusi münasibət sərgiləmir. Qarabağ məsələsi ölkənin əsas problemi olduğundan, müharibədə iştirak edənlərə, şəhid olanlara və onların ailələlərinə çox ciddi münasibətə ehtiyac var. Bu siyasətin içində onların mənzillə, torpaqla təmin olunması, övladlarının təhsilinə yardım edilməsi var. Bunlar hamısı ciddi şəkildə işlənməlidir".


Azər Mehtiyev hesab edir ki, problemin həllinə mütləq şəkildə model tapmaq imkanı var: "Azərbaycanın bu problemin həllinə potensial imkanları var və böyükdür. Əvvəla, sual qoyulmalıdır ki, niyə büdcə bu gündədir. Ölkəyə milyardlarla neft dollarları gəldi, ancaq yenə də büdcə enerji resursları olmayan Gürcüstan büdcəsi səviyyəsinə düşüb. Ona görə də komitə sədri Rəcəblinin büdcənin imkanlarını səbəb gətirməsi doğru deyil".



Reytinq: